Millət vəkili: “Azərbaycan Avropa üçün əvəzolunmaz tərəfdaşdır” AÇIQLAMA
"Azərbaycan heç kimdən asılı olmayan tam müstəqil ölkədir və müstəqil şəkildə öz daxili və xarici siyasətini yürüdür. Lazım gələndə öz mövqeyini nümayiş etdirir və haqsızlıqlara qarşı öz münasibətini ciddi şəkildə bildirir". Bunu SİA-ya millət vəkili Azər Badamov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, erməni lobbisinin ələ aldığı bir neçə deputatın təşəbbüsü ilə bir il əvvəl Avropa Parlamenti və Avronest təşkilatı Azərbaycana qarşı ədalətsizlik nümayiş etdirmişdi: "Azərbaycan Parlamenti də dərhal öz etirazını bildirərək Avropa Parlamenti ilə əlaqələrimizi dayandırmaq və Avronestdən çıxmaq haqqında qətnamə qəbul etdi və bir il idi ki, Avropa Parlamentində və Avronestdəki fəaliyyətimizi dayandırmışdıq. Avropa Parlamenti və Avronest bir illik Azərbaycansız fəaliyyətində Azərbaycanın necə də vacib tərəfdaş olduğunu hiss etdi və əlaqələrin bərpası ilə əlaqədar dəfələrlə müraciətlər göndərdi. Sentyabrda isə Avropa Parlamentinin deputatları təmsil olunan geniş nümayəndə heyəti Azərbaycana göndərildi. Səfərin məqsədi Avropa Parlamentində fəaliyyətimizin bərpası üçün danışıqların aparılması idi. Nümayəndə heyəti cənab Prezident tərəfindən qəbul olundu və dövlət başçımız Avropa Parlamentinin və Avronestin Azərbaycana qarşı edilən ədalətsizliklərini bir –bir sadalamaqla bizə bəslənilən haqsızlıqların iç üzünü açaraq ortaya qoydu. Avropa Parlamentinin üzvləri Avropa Parlamentin Azərbaycana səhv mövqe nümayiş etdirdiyini başa düşdüyünü və belə halların bir daha təkrar olunmayacağını bildirdi. Bundan sonra Azərbaycan Milli Məclisi Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrin bərpası ilə əlaqədar qərar qəbul etdi".
O əlavə edib ki, Azərbaycan Avropa üçün əvəzolunmaz tərəfdaşdır: "Azərbaycan Avropanı enerji resursları ilə təminatının təhlükəsizliyin təminatçısıdır. Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf edən ölkədir və Avropaya ancaq öz dəstəyini verir və ötən bir il ərzində Avropa Parlamenti Azərbaycanın çatışmamazlığını hiss etdi. Düşünürəm ki, bundan sonra Avropa Parlamenti Azərbaycana qarşı yönələn hər hansı bir ədalətsiz addımı heç vaxt dəstəkləməz. İstəyimiz bizə qarşı ədalətli mövqenin sərgiləməsidir, işğal altındakı Qarabağ torpaqlarımızın azad olunmasında Avropa Parlamentin ədalətli münasibətin göstərilməsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB