Bakıda beynəlxalq konfrans keçirilib YENİLƏNİB - SƏS TV

Bakıda beynəlxalq konfrans keçirilib YENİLƏNİB - SƏS TV

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 25-ci il dönümünə həsr edilmiş "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" beynəlxalq konfrans keçirilib.

Tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov açaraq konfransın əhəmiyyətindən danışıb.

Daha sonra açılış nitqi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbər müavini, Xarici əlaqələr şöbəsinin müdiri, Birinci dərəcəli Dövlət müşaviri Novruz Məmmədov çıxış edib.

PA rəsmisi ötən 25 il ərzində Azərbaycanın uğurlu və şərəfli yol keçdiyini, ancaq bu müddətdə dünyanın keçdiyi yolun ürəkaçan olmadığını söyləyib. Novruz Məmmədov ötən müddətdə ölkəmizin çətin və ağır sınaqlardan da keçdiyini qeyd edib. Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edir. Azərbaycan "qara qızıl"ı insan kapitalına çevirmək yolu ilə uğurla irəliyə gedir.

O əlavə edib ki, bu gün Azərbaycan balanslaşdırılmış, milli maraqlara əsaslanan xarici və daxili siyasət həyata keçirir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir. Ölkəmiz BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına da üzv olub. Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşularaq dünyada sülhün bərqərar olmasına öz töhfəsini verir.

Prezident Administrasiyası rəhbərinin müavini diqqətə çatdırıb ki, Azərbaycan Avropa ölkələri ilə də əlaqələri genişləndirir. Ölkəmiz, həmçinin Latın Amerikası, Afrika ölkələri ilə münasibətlərə önəm verir və bu əlaqələri inkişaf etdirir.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Rusiya həm Azərbaycanla, həm də digər ölkələrlə hərbi-texniki əməkdaşlıq edir: "Azərbaycana silah satanda ermənilər narazılıq edir. Rusiyanın məqsədi silah satmaq deyil. Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində kompromisə çatmaqdır. Bu kompromis hər kəsi qane etməlidir. Bu kompromis ölkə daxilində geniş müzakirə edilməlidir. Kazan prinsipi münaqişənin həllində yaxşı addım idi, bu prinsipə əsasən 7 rayonun Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Lakin Ermənistan daxili problemlərlə üzləşir, onlar xalqa göstərə bilmirlər ki, bu lazımdır. Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, hər zaman alışa bilər. Ona görə də biz münaqişənin həll edilməsi istiqamətində səylərimizi artırmalıyıq".

Ceymstaun Fondunun prezidenti Qlen Hovard isə diqqətə çatdırıb ki, Azərbaycan inkişaf etməkdə davam edir: "Həmçinin Azərbaycan güclü ordu yaratmağı bacarıb. Azərbaycan ordusunun gücü aprel döyüşlərində özünü göstərdi.

Amerikalı ekspert bildirib ki, Azərbaycan dörd gün ərzində uğurlu müharibə apardı və ərazilərinin bir hissəsini azad etdi.

Q.Hovard Ermənistanda "İsgəndər" raketlərinin olmasına da münasibət bildirib. O qeyd edib ki, bu raketlərin Ermənistanda olması Qafqazda təhlükəli vəziyyət yaradır: "Ermənistanın "İsgəndər" silahları alması yeni silah yarışı yarada bilər. ABŞ bunu başa düşməlidir. Təbiidir ki, Azərbaycan da özünü müdafiə etməlidir. Biz bilmirik, amma Azərbaycan özünü müdafiə etmək üçün nəsə edəcək. İndi 90-cı illər deyil, Azərbaycan inkişaf edən ölkədir, dünyanın bir çox ölkələri ilə sıx əməkdaşlığı var və ona görə də müxtəlif variantlardan yararlana bilər".

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın moderatoru olduğu "Azərbaycan qlobal arenada: Nailiyyətlər və çağırışlar" mövzusunda olan birinci sessiyada Macarıstanın Xarici Məsələlər və Ticarət İnstitunun direktor müavini Laszlo Vasa, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin keçmiş direktoru Adel Darviş çıxış ediblər.

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə