FOTOPolitoloq: “İraq parlamentinin mövqeyi gülüncdür”

FOTOPolitoloq: “İraq parlamentinin mövqeyi gülüncdür”

İraq parlamenti Türkiyənin Mosula bağlı olan Başikadaki hərbi bazasının olmasını qəbul etməməsi ilə bağlı yazılı açıqlama yayması, əslində gülüncdür. Bunu SİA-ya açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, məsələ onda deyil ki, İraq suveren bir dövlət olaraq öz torpaqlarında heç bir yad ölkənin əsgərini görmək istəmir: "Əslində müstəqil ölkənin belə bir istəkdə və hətta tələbdə olması normal və hörmətəlayiqdir. Lakin İraqın 2003-cü ilin martında işğal edilməsindən sonra ərazisində ABŞ əsgərləri ilə yanaşı, İranın da hərbi qüvvələrinin mövcudluğu, eləcə də rəsmi Bağdadın Tehranin ciddi təsiri altında olması fonunda belə bir açıqlama yayması, açıqlamada türk əsgərlərinin Mosul yaxınlığındakı düşərgədən çıxmayacağı halda İraqın Türkiyəni "işğalçı" hesab edəcəyini vurğulamaları gülüncdür. Elə tək ABŞ-ın İraqın qərbindəki Ənbar vilayətindəki Ayn əl-əsəd və Bağdadi hərbi bazaları, Mosulda isə Kayyara hərbi bazası olduğu məlum həqiqətdir. İran isə SEPAH-ın kifayət qədər ciddi birləşmələri ilə İraqda mövcudluğunu artıq təsdiq edib. Eyni zamanda 2014-cü ildən başlayaraq İraqın bir sıra ərazilərinin İŞİD tərəfindən ələ keçrilməsi ilə, rəsmi Bağdad İŞİD-lə mübarizə adı altında İranın təsiri altında olan radikal şiə qruplaşmalarına öz qapılarını açdı. Məsələn, "Haşdi Şabi" adlı radikal anti-sünni qruplaşma buna misal ola bilər". Politoloq hesab edir ki, belə bir qərarın verilməsi hər iki ölkə arasında münasibətlərə ciddi təsir göstərmiş olacaq: "Burada bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, türk əsgərlərini Başikaya İraq hökuməti deyil, Kürd Regional Administrasiyası İŞİD-lə döyüşən qüvvələrə təlim keçmək məqsədi ilə dəvət edib. Bu baximdan parlamentin belə bir mövqe sərgiləməsi həm də yersizdir".

Qeyd edək ki, İraq parlamenti ölkənin Mosul əyalətinə bağlı Başıka bölgəsində Türkiyə hərbçilərinin mövcudluğunun yolverilməz olduğu barəqə qərar qəbul edib. Həmçinin, İraq Türkiyə Böyük Millət Məclisinin türk əsgərlərinin İraqda qalma müddətinin uzadılması ilə bağlı verdiyi qərarı qəbul etmədiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə