İƏT Ölkələri Jurnalistləri Assosiasiyasının əhəmiyyəti xaricilərin dilində

İƏT Ölkələri Jurnalistləri Assosiasiyasının əhəmiyyəti xaricilərin dilində

Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib. SİA konfransda iştirak edən müxtəlif ölkə nümayəndələrinin Assosiasiyasının yaradılmasının əhəmiyyəti ilə bağlı fikirlərini təqdim edir:

Səudiyyə Ərəbistanda nəşr edilən " Əl Cəzirə" qəzetinin baş redaktoru Xalid Əl Malik: "Hesab edirəm ki, bu cür assosiasiyanın yaradılmasına gecikmişik. Hazırda dünyada bəzi qüvvələr İslama qarşı təbliğat aparmaqla yanaşı, dinimizi islama xas olmayan amillərlə ittiham edirlər. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması, müsəlman ölkələrinin özünü müdafiə etməsi, eləcə də səsinin daha da güclü olması üçün bir şans yaradacaq. Konfransda çıxış edənlərin də fikrindən məlum oldu ki, bu təşkilat müsəlman ölkələrinin fikrini ifadə etməsində mühüm platforma olacaq. Çünki, yaradılacaq birlik müsəlman dövlətlərinin təşəbbüslərini dəstəkləyəcək. Təbii ki, Azərbaycanda bura daxildir. Ümumiyyətlə, bu təşəbbüsün daha geniş miqyasa çıxarılmasına dəstək olmalıyıq".

Qazaxıstanın "Turan" etno-mədəniyyət dərnəyinin prezidenti Xəlil Əliyev: "Bu gün Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransında iştirak etməkdən çox məmnunam. Qazaxıstanın prezidenti Nursultan Nazarbayev dəfələrlə çıxışında islam ölkələrinin həmrəylinə böyük önəm verib. Bu gün keçirilən konfransda iştirak edənlərin hər biri dünyada islamafobiya ilə bağlı yayılan fikirlərə münasibət bildirərək qeyd etdilər ki, islam dini terror və müharibələrə qarşıdır. Mən də bu fikirləri dəstəkləyirəm və hesab edirəm ki, Bakıda keçirilən niyyət konfransı bütün müsəlman ölkələri üçün böyük əhəmiyyətə malikdir. Bundan əlavə, konfransdan sonra müsəlman ölkələri arasında münasibət daha da sıx və həmrəy olacaq. Mən bu cür konfransların tez-tez keçirilməsini təklif edirəm".

Türk Xalqları Dünya Konqresinin prezidenti Yəhya Əliyev: "Nəhayət ki, islam dünyasının ziyalılarının bu gün Bakıda bir araya gəlməsi məni çox sevindirir. Çünki, bu cür konfranslar həm Azərbaycan həm də digər müsəlman ölkələri üçün önəmlidir. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması müsəlman ölkələrinə qarşı edilən ədalətsizliklərə mühüm cavab ola bilər. Dünyada terror hər zaman olub. Hətta Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terror hadisələrinə dünya susdu. Bunun nəticəsində Azərbaycanda 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu gün dünyada 60 milyondan çox qaçqın və məcburi köçkün var. Dünya zamanında bunun qarşısını ala bilsəydi indi bu qədər qaçqın və məcburi köçkün olmazdı. Müsəlman ölkələrində həmrəylik nümayiş olunsa da, hələ də bu həmrəylik lazımi səviyyədə deyil. Hətta Ulu babalarımız bununla bağlı bizə irad da tutublar. "Tək əldən səs çıxmaz" deyiblər. Ona görə də biz birləşməli, həmrəylik nümayiş etdirib, İslama qarşı səslənən yanlış fikirlərə layiqli cavab verməliyik. Təbii ki, burada ziyalıların da rolu böyükdür. Bu baxımdan da "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva tərəfindən belə bir assosiasiyanın yaradılması ilə bağlı irəli sürülən təşəbbüsünü dəstəkləyir, ona təşəkkürümü bildirirəm. Bugünkü niyyət konfransı həmrəylimiz naminə böyük əhəmiyyətə malikdir. Əminəm ki, biz islam dünyasının jurnalistlərini bir araya gətirməklə islamla qarşı irəli sürülən fikirlərin aradan qaldırılması ilə bağlı böyük işlərə nail olacağıq".

Türkiyəli araşdırmacı-yazar Dursun Özden: "İndiyədək 99 ölkədə olmuşam. Bu gün Bakıda olub belə bir təşkilatın yaradılmasının niyyət konfransında iştirak etməkdən qürur duyuram. Fəaliyyətim boyu türk mədəniyyəti ilə bağlı bir sıra tarixi araşdırmalar etmişəm və araşdırmalarım zamanı bəzi qüvvələrin islamla terror anlayışını birləşdirmək istəklərinə çox rast gəlmişəm. Bakıda keçirilən konfrans bu anlayışların bir-birindən ayırmağa xidmət etməklə yanaşı, türk dünyasının jurnalistlərini bir araya gətirmək üçün mühüm addımdır. Təbii ki, konfransda iştirak edənlər bütün türk dünyasını əhatə etmirdi lakin. Onların bir qisminin burada olmasının özü böyük əhəmiyyət kəsb edir. Mən konfransda çıxışımda da bildirdim ki, Türkiyə 40 ildir ki, terrorla mübarizə aparır. Bu illər ərzində biz 40 min şəhid vermişik. Çanaqqalada 250 min, Qurtuluş savaşında 10 min, bu ilin iyun ayında Türkiyədə çevriliş cəhdi zamanı isə 250-yə yaxın şəxs şəhid oldu, 500-ə yaxın yaralımız var. Bütün bunlarının qarşısını almaq məqsədi ilə biz Bakıda toplaşaraq İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması ilə bağlı ilk addımı atmış olduq. Hesab edirəm ki, bu təşkilatın yaradılması təkcə islam ölkələrinə deyil, ümumi insanı dəyərlərinə, dünyaya sahib çıxmaq üçün mühüm addımdır. Biz hazırda elan edilməmiş III dünya müharibəsini yaşayırıq. Belə bir halda, doğru olmayan informasiyalarına cavab olar bu cür təşkilatın yaradılması mühümdür. Düşünürəm ki, biz yaradılacaq bu təşkilatla yanlış informasiya axınına qarşı tutarlı cavab verə biləcəyik".

İsveçrədə yaşayan azərbaycanlı professor İbadulla Ağayev: "İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransının Bakıda keçirilməsi qürurvericidir. Bu gün keçirilən konfransda islam dininə qarşı həyata keçirilən təbliğatlarla əlaqədar mühüm problemlər müzakirə olundu. İslamafobiya məsələsi bəzi xristian dövlətlərində qədlə qaldırılır. Təbii ki bunların arxasında islamı gözdən salmaq məqsədi durur. Amma islam hər zaman sülhün tərəfdarıdır. Biz bunu bütün dünyaya aşılamalıyıq. Buna görə bütün islam dövlətləri birləşib islamafobiyaya qarşı çıxış edərək, islama qarşı olan qüvvələrin uydurmalarını ifşa etməliyik. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılmasını mühüm hesab edir, gələcəkdə təşkilatın işində yaxından iştirak etməyə çalışacam".

Bütün xəbərlər Facebook səhifəmizdə