Əfqanıstan prezidenti Əşrəf Qəni ölkənin ən böyük silahlı müxalifət hərəkatı – Gülbəddin Hikmətyarın lideri olduğu İslam Partiyası ilə sülh razılaşmasına imza atıb. SİA xəbər verir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb. Teleşirkətin məlumatına görə, böyük ehtimalla Pakistan ərazisində olan Hikmətyar razılaşmanı ötən gün imzalayıb. Bu barədə ilkin razılaşma isə sentyabrın 22-də paytaxt Kabulda dövlət rəsmiləri ilə müxalifət arasındakı görüşdən sonra əldə olunub.
Xatırladaq ki, SSRİ silahlı qüvvələrinin Əfqanıstanda olduğu dövrlərdə Hikmətyarın mücahidləri sovet hakimiyyətinə qarşı fəal mübarizə aparıblar. Hazırda onun rəhbərlik etdiyi silahlı birləşmələr "Taliban" qruplaşmasından sonra Əfqanıstanda sayca ikinci ən böyük silahlı dəstə hesab olunur.
Hikmətyarın özü isə 1993-1994-cü illərdə Əfqanıstanın baş naziri postuna sahib olmuşdu. 2003-cü ildə isə onun adı ABŞ-ın dövlət administrasiyası tərəfindən terrorçular siyahısına əlavə edilib. Belə ki, "Taliban"ın eks-lideri Molla Ömər və "Əl-Qaidə"nin sabiq lideri Üsəma bin Ladenlə yanaşı, Hikmətyarın da adı ilk üçlükdə yer almışdı.
Hazırda Qərb xüsusi xidmət orqanları onun Pakistanda olması barədə məlumata malik olduqlarını deyirlər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB