Bu gün Milli Məclisdə "Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirə sədrliyi Avropa Şurası Assambleyasının (AŞPA) Qadınlara qarşı zorakılıq üzrə baş məruzəçisi Sahibə Qafarova edib.
Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova çıxışında bildirib ki, istər yerli, istərsə də milli səviyyədə olan seçkili orqanlarda qadınların təmsilçiliyi getdikcə artır: "Belə ki, yerli qurumlarda qadınların təmsilçiliyi 4 faizdən 30 faizə qədər artıb. Bu, dövlətin bu istiqamətdə apardığı siyasətin, eləcə də gərgin və fədakar işin, həmçinin bu məsələdə parlamentarilərin verdiyi töhfənin və konkret olaraq bu kampaniyaya ayrılan önəmin nəticəsidir".
B. Muradova onu da əlavə edib ki, bu gün qadınların diqqət mərkəzində olan məsələlər bilavasitə kişilərin gündəminə və proqramına daxil olur: "Parlamentdə təmsil olunan kişi deputatlarımız daim qadınlara qarşı baş verən zorakılıqların aradan qaldırılması istiqamətində ciddi səylər nümayiş etdirirlər".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə qeyd edib ki, Azərbaycanın bu istiqamətdəki təcrübəsi çox qiymətlidir: "Azərbaycan bu gün dünyanın cavab verə bilmədiyi suallara cavab vermək iqtidarındadır. Bugünkü müzakirələr də bunu bir daha sübut edir. Nümayəndə heyəti olaraq əlimizdən gələni edirik ki, bu istiqamətdə işlər yüksək səviyyədə təşkil olunsun. Əminəm ki, bu müzakirələr həm Azərbaycan, həm də Avropa Şurasına daxil olan ölkələr üçün əhəmiyyətli və vacib olacaq. Hansı ölkədə ki qadınlara qarşı zorakılığın aradan qaldırıması üçün səylər göstərilir, deməli bu dövlətin gələcəyi var, cəmiyyət mədəniyyətə çox meyllidir və millətin yaşamağa haqqı var".
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki,zorakılıq problemi tam həll olunacaq problem deyil: "Zorakılıq bütün dünyada mövcud olan problemdir. Dünya miqyasında baxanda Azərbaycanda vəziyyət daha yaxşıdır. Amma bu fakt bizə heç də özümüzü rahat hiss etməyə imkan verə bilməz. Azərbaycanda problemin həlli ilə bağlı çox böyük işlər görülsə də, bu işlər davamlı olmalıdır. Azərbaycanda müstəqillik elan edildikdən sonra ölkədə problemin həlli ilə bağlı daim maarifləndirmə və profilaktik tədbirlər görülür. Azərbaycanın rəhbərliyi eləcədə ölkəmizin birinci xanımı da bu məsələləri hər zaman diqqət mərkəzində saxlayırlar".
Komitə sdəri söyləyib ki, zorakılıq problemi cəmiyyətə təsirsiz ötüşmür: "Bu məsələ hər birimizə təsir edən problemdir. Azərbaycanda bu məsələ ilə bağlı çox vacib qanunlar qəbul edilməklə yanaşı. ölkəmizdə uşaq forumları, qadın qurultayları keçirilir. 2010-cu ildə ölkəmizdə qəbul edilən "Məişət zorakılığı" haqqında qanun o zaman böyük problemlər yaratrmışdı. Bir çox insanlar bu qanunun lazım olmadığını bildirirdilər. Lakin əhali bununla bağlı öz sözünü dedi. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasın da bununla bağlı görüləcək işlər öz əksini tapıb. Konsespsiyaya əsasən, ailə, uşaq strategiyası forması formalaşmalı, qadınların milli fəaliyyət planı, eləcə də ailə psixoloqu institutu hazırlanacaq. Hazırda komitəmizdə bununla bağlı sənədlər hazırlanır, tam hazır olduqdan sonra onlar ayrı-ayrı qurumlara göndəriləcək".
Tədbir müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB