BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov sentyabrın 27-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi qəbul edib. SİA-nın məlumatına görə, görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin dəvəti əsasında 2016-cı il 3-7 oktyabr tarixlərində Cenevrə şəhərində keçiriləcək Ali Komissarın Proqramının İcraiyyə Komitəsinin növbəti 67-ci sessiyasında Baş nazirin müavini Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirakı və səfərlə bağlı digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Furio de Angelis BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə birlikdə 31 avqust- 2 sentyabr tarixlərdə məcburi köçkünlərin vəziyyəti ilə tanış olmaq, həmçinin məcburi köçkün icmalarının sosial və iqtisadi rifahı barədə məlumat əldə etmək məqsədi ilə Bərdə, Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarına səfərlərinin nəticələri haqqında öz təəssüratlarını çatdırıb. O bildirib ki, səfər proqramı çərçivəsində məcburi köçkünlər üçün yeni salınmış yaşayış komplekslərinə də baxıblar, eyni zamanda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirələn layihələrlə tanış olublar. Səfərlərinin əsas məqsədlərindən birinin bu problem haqqında dünya ictimaiyyətinə məlumat çatdımaqdan ibarət olduğunu qeyd edən Furio de Angelis həmçinin Tərtər rayonunda Həsənqaya, Şıxarx, Çaylı kəndlərində olduqlarını, burada yaşayan sakinlərlə görüşdüklərini və müvafiq maddi yardım göstərdiklərini qeyd edib. O, həmçinin Azərbaycan Prezidenti tərəfindən məcburi köçkünlər üçün yaradılmış şəraitdən heyran qaldıqlarını vurğulayıb.
Görüşdə Furio de Angelis diqqətə çatdırdı ki, gələcəkdə əhalinin növbəti siyahıya alınması zamanı onların da müvafiq təklifləri var və bu məsələ ilə bağlı aidiyyəti qurumlarla birgə müzakirələr aparılacaq.
Baş nazirin müavini Əli Həsənov BMT QAK-ın rəhbərliyinin Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə həmişə diqqətlə yanaşdığını, sabiq ali komissarlar xanım Sadako Oqata və Antonio Quterreşin Azərbaycana səfərlərinə, çadır düşərgələrindəki və digər ərazilərdə məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmalarına toxunaraq, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hökuməti ilə BMT QAK arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu, bu əlaqələrin daha da inkişaf etdiyini, və bunun məcburi köçkünlər öz doğma yurdlarına qayıdandan sonra da davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Furio de Angelisin qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq çox aktiv fəaliyyət göstərdiyini deyən Əli Həsənov onların bölgələrə səfər edərək məcburi köçkünlərlə görüşmələrini, bu problem haqqında dünya ictimaiyyətini məlumatlandırmaları üçün təşəkkürünü bildirmiş və qeyd edib ki, bu problemin dondurulmuş halda saxlanmasında maraqlı olan dövlətlər var. Əgər onlar istəsə bu problem tezliklə öz həllini tapar. Bu gün Azərbaycan dövləti məcburi köçkünlərin problemlərinin həllini öz üzərinə götürüb. Ancaq hesab edirəm ki, bu problem həllini tapmayana qədər beynəlxal humanitar təşkilatların ölkəmizdə fəaliyyətinə ehtiyac var.
Görüşdə Furio de Angelis Tərtər rayonunda səfərdə olarkən Şıxarx kəndində "Marağa–150" abidəsinə baxdıqlarını, həmin abidənin şəkillərini çəkdiklərini də diqqətə çatdırıb.
Baş nazirin müavini Əli Həsənov bildirib ki, Ermənilərin Qarabağa köçürülməsini sübut edən çoxsaylı mənbələrdən biri də Tərtər rayonunun Şıxarx kəndində "Marağa–150" abidəsidir. Bu abidə çar Rusiyası ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda "Marağa–150" abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir. O, həmçinin qeyd edib ki, erməni yalanlarını dünyaya çatdırmaq üçün Azərbaycan Prezidenti həmin abidənin tezliklə bərpa olunmasını, ölkəmizə səfər edən insanlara, xarici nümayəndə heyətlərinə göstərilməsi üçün tapşırıqlar verib.
Görüşdə həmçinin bildirilib ki, BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır və bu qurumun Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olub.
Bu qurumun Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti də müsbət dəyərləndirilən görüşdə bütün bunlar barədə ətraflı söhbət açılıb, perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB