Konstitusiya dəyişiklikləri çoxşaxəli islahatların davamıdır

Samirə Quliyeva, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini
Konstitusiya dəyişiklikləri çoxşaxəli islahatların davamıdır

Müasir müstəqil Azərbaycan dinamik inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan demokratik ölkədir. Bu inkişaf və sabitliyi təmin edən əsas amillərdən biri ardıcıl olaraq həyata keçirilən çoxşaxəli islahatlardır. Siyasi, iqtisadi, sosial, hüquqi və digər sahələri əhatə edən davamlı islahatlar dinamik inkişafı sürətləndirməklə yanaşı, yeni çağırışların meydana çıxmasını şərtləndirir. Eyni zamanda, ölkəmizin sürətli inkişafı, eləcə də beynəlxalq aləmə inteqrasiya indiki mərhələdə qanunvericiliyin təkmilləşdirilməsi zərurətini meydana çıxarır. Bu kontekstdə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi – referendum xüsusi əhəmiyyət daşıyır. İndiki mərhələdə konstitusiyaya dəyişikliklər zamanın tələbi olmaqla yanaşı, həyata keçirilən çoxşaxəli islahatların davamı və tərkib hissəsidir. Referendum Aktı layihəsində 29 maddəyə əlavə və dəyişiklik nəzərdə tutulub. Belə ki, 23 maddədə müəyyən dəyişikliyin edilməsi, 6 maddənin isə əlavə olunması təklif edilib. Nəzərdə tutulan bu əlavə və dəyişikliklər demokratiyanın daha da inkişaf etdirilməsinə, insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə, idarəetmənin təkmilləşməsinə hesablanan müsbət addım kimi dəyərləndirilməlidir.

Qeyd etdiyimiz kimi, Konstitusiya islahatlarının aparılması zamanın tələbindən irəli gəlir. Bu, dünya təcrübəsində də geniş şəkildə müşahidə edilir və demokratik idarəetmə sisteminə malik olan dövlətlər Konstitusiya islahatları vasitəsilə dövlətin gücünün artırılmasına xidmət edən addımlar atırlar. Azərbaycanda həyata keçirilən Konstitusiya islahatları isə birmənalı şəkildə xalqın mənafeyinə və milli maraqlara xidmət edir. Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin - referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır. Dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, o cümlədən informasiya təhlükəsizliyi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşların şikayət etmək hüququ əksini tapıb. Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident institutunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi və s. məsələlər nəzərdə tutulur.

Konstitusiya dəyişikliklərinin əhəmiyyətini daha yaxşı anlamaq üçün Referendum Aktında əksini tapan bir sıra məsələlərə toxunmaq vacibdir. Əvvəla, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi məsələsinə diqqət yetirək. Bu mütərəqqi təklif həm idarəetmə sisteminin daha da təkmilləşməsinə, həm də gənclərin potensialından səmərəli istifadə olunmasına xidmət edir. Bəllidir ki, Azərbaycanda gənclərin inkişafına, onların idarəetmə sistemində aktiv təmsil olunmalarına xüsusi diqqət yetirilir, gənclərin intellektual potensialından səmərəli istifadə olunur. Məhz ümumxalq səsverməsi – referenduma çıxarılan məsələlər sırasında prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi məsələsinin yer alması, gənclər qarşısında yeni perspektivlərin açilması da bu baxımdan əhəmiyyətlidir.

Referendum Aktının layihəsində vitse-prezidentlik institutunun yaradılması da nəzərdə tutulub ki, bu da ölkəmizdə idarəetmə sisteminin təkmilləşdirilməsi nöqteyi-nəzərindən müstəsna əhəmiyyət kəsb edir. Layihədə əks olunmuş təklifə əsasən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Eyni zamanda, layihədə Konstitusiyaya "Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir" məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib. Şübhəsiz ki, bu, idarəetmə sahəsində mütərəqqi bir islahat kimi səciyyələndirilməlidir. Ümumiyyətlə bəllidir ki, demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycan həm də təkmil idarəetmə sisteminə malikdir. Buna paralel olaraq ölkəmizdə idarəetmə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Məhz vitse-prezidentlik institutunun yaradılması təklifi də bu qəbildən olan nümunələr sırasında yer alır.

Beləliklə, yeni dövrün çağırışlarından irəli gələn Konstitusiya islahatları Azərbaycanın inkişafına xidmət edir. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər özündə siyasi islahatları də ehtiva edir. Bu, Azərbaycanın demokratik inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Əminliklə söyləmək olar ki, Konsititusiya islahatları Azərbaycanın demokratik imicinin möhkəmlənməsinə xidmət edəcək, tərəqqiyə, sabitlik və təhlükəsizliyə töhfələr verəcək.

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlət təhlükəsizliyinin təminatında, sabitliyin qorunmasında da müstəsna rol oynayacaq. Referendum Aktı layihəsində təhlükəsizlik məsələlərinin yer alması onu deməyə əsas verir ki, dövlətimizin təhlükəsizliyi prioritet məsələlərdəndir. Referendum Aktının layihəsində də bu məsələlər öz əksini tapıb. Məsələn, 58-ci maddənin IV hissəsinin birinci cümləsinin "Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır" redaksiyada verilməsi təklif edilib. Bu və digər nümunələr islahatlar sırasında təhlükəsizliyin təmin olunmasına xidmət edən tədbirlərin reallaşdırılmasının da zəruri yer tutduğunu göstərir.

Konstitusiya islahatları çərçivəsində yerli özünüidarəetmənin təkmilləşdirilməsi və bələdiyyələrin məsuliyyəti məsələləri də diqqət mərkəzindədir. Belə ki, Referendum Aktının layihəsində Konstitusiyaya "Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar" məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib. Ümumiyyətlə, bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsi, vətəndaşlara münasibətdə onların məsuliyyəti məsələsi, bələdiyyə qulluqçularının qanunlara müvafiq fəaliyyət göstərməsi və digər məsələlər yerli özünüidarəetmənin təkmilləşməsi istiqamətində həyata keçirilən siyasət çərçivəsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Konstitusiyaya bu məsələlərlə bağlı əlavənin edilməsi xüsusi önəm daşıyır.

Bundan başqa, Referendum Aktı layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər sırasında insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, bank-maliyyə sisteminin idarə olunması və digərləri də yer alır. Əlbəttə, bu məsələlər sosial məzmunu ilə diqqət cəlb edir və belə bir təşəbbüs onu deməyə əsas verir ki, islahatlar məhz xalqın mənafeyinə xidmət edir. Bir sözlə, Konstitusiya islahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir. Bu əlavə və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Təsadüfi deyil ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərdə iştirak edən vətəndaşlar bu dəyişikliklərin xalqın mənafeyinə xidmət etdiyini vurğulayırlar. Seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyirlər. Yeri gəlmişkən, kampaniya çərçivəsində YAP Gənclər Birliyinin fəalları da aktiv iştirak edir, istər ayrı-ayrı görüşlərdə, istərsə də sosial şəbəkələr vasitəsilə Konstitusiya dəyişikliklərinin mahiyyətini cəmiyyət üzvlərinin nəzərinə çatdırırlar. Sevindirici haldır ki, Azərbaycan gəncliyi Konstitusiya islahatlarını mütərəqqi addım kimi dəyərləndirir və öz aktiv dəstəklərini ifadə edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə