Məzahir Pənahov və Rabitə naziri veb-kameralara baxış keçirib FOTOLAR - SƏS TV
Bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 26-da keçiriləcək referendumla bağlı MSK-da quraşdırılmış veb-kameralara baxış keçirib. SİA-nın məlumatına görə, komissiya sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, min seçki məntəqəsində veb-kameralar quraşdırılıb: "Bu gün veb-kameraların nə vəziyyətdə olduğunu yoxladıq. Bütün məntəqələrdən görüntü çox yüksək səviyyədədir. Son texnologiyalardan istifadə edərək yüksək səviyyəli görüntünün əldə olunmasına çalışılıb. Biz çalışırıq ki, yerlərdə elektrik enerjisi təchizatı və telefon rabitəsinin verilməsində də problem olmasın".
O əlavə edib ki, dünyanın bütün nöqtələrindən istənilən arzu edən şəxs MSK-nın saytına daxil olaraq veb-kameralar vasitəsilə "online" rejimdə bütün seçki prosesini arası kəsilmədən izləmək imkanı əldə edəcək: "İnanıram ki, biz işimizi yüksək standartlara cavab verən şəkildə yerinə yetirəcəyik".
Məzahir Pənahov həmçinin qeyd edib ki, sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumu izləmək üçün bu günə qədər 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib: "Bunlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla mxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Müşahidə aparmaq istəyən ölkə vətəndaşlarının sayı da kifayət qədər geniş çeşidlidir. Bura həm siyasi partiyaların nümayəndələri, öz təşəbbüsü ilə müşahidə aparmaq istəyən vətəndaşlar, həmçinin qeydə alınmış təşviqat qrupunun nümayəndələri daxildir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır. Seçkilərdə 5600-dən arıq seçki məntəqəsi olacaq. Demək olar ki, hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür. Hesab edirəm ki, nəinki 10, hətta 5 nəfər də müşahidə aparsa bu, şəffalığın təmin edilməsi üçün yüksək bir göstəricidir".
MSK sədri əlavə edib ki, referendumun keçirilməsi və seçicilərin səs verməsi üçün bütün şərait yüksək səviyyədə yaradılıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB