26 Sentyabr 2016-cı il tarixində keçiriləcək Referendumla əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi Bələdiyyəsi tərəfindən görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüskarı olduğu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliyin hər biri mütərəqqi xarakter daşıyır və ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir.
Millət vəkili qeyd etdi ki, Əsas qanuna təklif olunan dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, yeni çevik və effektiv idarəetmə mexanizmini inkişaf etdirməkdir. Dəyişikliklər paketində yer alan bəndlərdən biri də Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu,dövlət idarəçiliyi sistemində yeni hadisədir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, prezident idarəçiliyinin olduğu respublikalarda vitse-prezident institutunun mövcudluğu dövlətin effektiv idarə edilməsini, qərarların çevik qəbulu və həyata keçirilməsini təmin edir.
Görüşdə çıxış edən Nəsimi rayon Bələdiyyəsinin sədr müavini Həsən Mövsümzadə bildirdi ki, Son 10 illik dövr Azərbaycanın həyatında fundamental dəyişikliklərlə, inkişaf və yüksəlişlə, müasirləşmə və modernləşmə ilə müşayiət olunub. Ölkə iqtisadiyyatının həcmi dəfələrlə artıb, sərmayə yatırımı axını güclənib, iqtisadi inteqrasiya prosesi dərinləşib. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın ən güclü iqtisadiyyatına çevrilib, ölkəmizin dünya iqtisadiyyatında yeri və rolu əhəmiyyətli dərəcədə yüksəlib.
Konstitusiya ilə bağlı təklif edilən dəyişikliklər və əlavələr dövrümüzün tələblərinə uyğundur. Bu dəyişikliklər konstitusiyamızın və idarəçilik sisteminin təkmilləşməsinə xidmət edir.
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər 3 istiqamət üzrədir: birincisi, insan hüquq və azadlıqlarının genişləndirilməsi, ikincisi, dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, üçüncüsü də, hüquq terminologiyasının dəqiqləşdirilməsidir. Bunların hər üçü dövlətçiliyimizin inkişafındakı yeniliklərin tələbidir.
Görüşdə çıxış edən seçicilər 26 sentyabrda seçki məntəqələrinə gələrək, Referendum Aktı lahiyəsini dəstəkləyəcəklərini bildirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB