Bu gün "Yeni Azərbaycan" təşviqat qrupunun Neftçala rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Heydər Əliyev Mərkəzində qadın seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə Milli Məclisin üzvü Arif Rəhimzadə, Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının sədri Anar Cəfərov və partiyanın digər təşkilatlarının rəhbərləri, gənc fəallar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
YAP rayon təşkilatının sədri A.Cəfərov çıxış edərək referendum Aktı barədə məlumat verib. Diqqətə çatdırıb ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Neftçala rayon şöbəsi bu prosesdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir: "Əminəm ki, seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsini müsbət qarşılayır. Yeni çağırışlar və reallıqlar Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edir və hesab edirəm ki, 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi (referendum) bu baxımdan müstəsna əhəmiyyət daşıyır".
Millət vəkili Arif Rəhimzadə bildirib ki, Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin-referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır: "Heç kimə sirr deyil ki, ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların əsasında ölkə vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Konstitusiya dəyişiklikləri də inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər".
Çıxış edən YAP Neftçala rayon təşkilatı Qadınlar Şurasının sədri Gültəkin Sadıqova bildirib ki, Konstitusiya islahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu əlavə və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".
YAP Neftçala rayon təşkilatı təşviqat qrupunun üzvü Telman Zahidov qeyd edib ki, qarşıdakı hədəflərə çatmaq üçün Konstitusiya islahatları zəruridir: "Bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq. Bu, sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Bütövlükdə isə, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB