Kürdəmir seçiciləri dəyişikliyə səs verəcəklər

Kürdəmir seçiciləri dəyişikliyə səs verəcəklər

Referendum üzrə "Bələdiyyə" təşviqat qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində Kürdəmir rayonu Yenikənd kəndində seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli açaraq bildirib ki, 26 sentyabr 2016-cı il tarixdə ölkəmizdə Referendum-ümumxalq səsverməsi keçiriləcək: "Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlar qazanılır, demokratik dövlət quruculuğu prosesində geniş islahatlar aparılır, ölkəmizin dünya miqyasında günü-gündən nüfuzu artır, regionlar sürətlə inkişaf edir, iqtisadiyyat genişlənir, sosial layihələr həyata keçirilir.Məhz bu baxımdan Konstitusiyada müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyulurdu. Bu həm zərurət, həm də zamanın tələbidir. Ona görə də inamla deyə bilərik ki, Kürdəmir seçiciləri də birmənalı olaraq bu mühüm siyasi kampaniyada aktivlik nümayiş etdirərək, seçki günü dəyişikliklərə səs verəcək".

Görüşdə millət vəkili Elman Nəsirov çıxış edərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə seçicilərə ətraflı məlumat verib. O, Azərbaycan Konstitusiyasının 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını və dövr dəyişdikcə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurətinin meydana gəldiyini diqqətə çatdırıb: "Dünyada siyasi –iqtisadi proseslər o qədər sürətlə dəyişir ki, dövrün tələblərinə uyğun olaraq Konstitusiyaya dəyişiklik həm zərurət, həm də günün tələbidir. Bu dəyişiklikləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar".

Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodika Mərkəzinin direktor müavini, hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov çıxış edərək vurğulayıb ki, Konstitusiyaya dəyişikliklərin müəyyən hissəsi insanların iqtisadi hüquqları ilə əlaqədardır: "Azərbaycan azad iqtisadi münasibətlərin formalaşması yolunda kifayət qədər uğurlar əldə edib. Məhz irəli sürülən təkliflər bundan sonrakı dövrdə iqtisadi azadlıqlar sisteminin yeni inkişaf mexanizminə çevrilməsi niyyətini əks etdirir. Eyni zamanda, Konstitusiya islahatlarında sahibkarların dövlət tərəfindən müdafiəsini təmin etmək də bir prinsip kimi irəli sürülüb.Gənclərin potensial imkanlarından səmərəli istifadəyə xidmət edən əlavə və dəyişikliklər təqdirəlayiqdir".

Seçicilərdən Elza Abdullayeva, Xasay Azayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini hər zaman dəstəklədiklərini qeyd edərək sentyabrın 26-da seçki məntəqələrinə gedərək bunu bir daha nümayiş etdirəcəklərini və Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklərini bəyan ediblər.

Tərtər rayonu

Referendum üzrə "Bələdiyyə" təşviqat qrupu Tərtər rayonunda seçicilərlə görüş keçirib. Görüşdə Tərtər şəhər Bələdiyyəsinin sədri Qabil Bəylərov, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Bəxtiyar Sadıqov, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər.

Görüşdə ilk çıxış edən Tərtər şəhər Bələdiyyəsinin sədri Qabil Bəylərov seçicilərə ölkə başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında məlumat verib. O bildirib ki, Referendum Aktında yer alan müddəlar ölkəmizin gələcək inkişafında misilsiz əhəmiyyətə malik olacaq.

"Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Konstitusiya islahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu əlavə və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".

"Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi əlavə edib ki, qarşıdakı hədəflərə çatmaq üçün Konstitusiya islahatları zəruridir: "Bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq. Bu, sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Bütövlükdə isə, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək. Müstəqillik tariximizdəki sayca üçüncü referendum demokratik inkişaf baxımından da müstəsna əhəmiyyət kəsb edəcək, milli gücün artmasında, hüquqi dövlət quruculuğu prosesinin intensiv xarakter almasında xüsusi rol oynayacaq".

Daha sonra çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Bəxtiyar Sadıqov qeyd edib ki, təklif olunan əlavə və dəyişikliklərin təməlində ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlar, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlar, ölkəmizin dünya miqyasında artan nüfuzu, bütün sahələrdə sürətli tərəqqi və digər çoxsaylı uğurlar dayanır: "Hər birimiz görürük ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu inkişaf, tərəqqi yolunda isə zamanın tələbi olaraq müəyyən dəyişikliyə getmək zərurəti yaranır. Hazırda belə bir zərurət dövrünü yaşayırıq. 2002 və 2009-cu illərdə də Konstitusiyamıza müəyyən əlavə və dəyişikliklər edilib.

daha sonra iştirak edən seçicilər səsvermə günü aktiv olub, Azəraycanın inkişafı naminə səsverəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə