Qadın seçicilərlə görüşlər davam edir YENİLƏNİB (FOTOLAR)

Qadın seçicilərlə görüşlər davam edir YENİLƏNİB (FOTOLAR)

"Yeni Azərbaycan" təşviqat qrupu Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı Xızı rayon qadınları ilə görüşü keçirib. SİA-nın xəbərinə görə, Xızı rayon Mədəniyyət və Turizm şöbəsinin akt zalında keçirilən görüşü Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı Qadınlar Şurasının sədri Jalə Süleymanova açaraq Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş referendum haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra Milli Məclisin deputatı Tahir Süleymanov Prezident İlham Əliyevin müvafiq sərəncamı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi əsasında bu ilin 26 sentyabr tarixində konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin keçiriləcəyini bildirib.

O, konstitusiyaya ediləcək əlavə və dəyişiklərlə bağlı referendumun keçirilməsi təşəbbüsünün dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olduğunu vurğulayıb: "Ölkəmizdə bütün sahələr dinamik inkişaf edir və bu səbəbdən də qanunvericilik bazasının təkmilləşdirilməsi mühüm əhəmiyyətə malikdir".

YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev Ali qanunvericilik bazamız olan Konstitusiyamızın 1995-ci ilin 12 noyabr tarixində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ümumxalq səsverməsinə çıxarılaraq qəbul edildiyini vurğulayıb: "Ötən müddət ərzində Konstitusiyaya 2002-ci və 2009-cu illərdə 2 dəfə əlavə və dəyişikliklər edilib. Ölkəmizdə qüvvədə olan bütün qanunvericilik bazası ali qanunlar toplusu olan ölkə Konstitusiyasına əsaslanır. Bu baxımdan, Konstitusiyanın təkmilləşdirilməsinə zərurət yaranıb".

Qadınlar şurasının sədr müavini Svetlana Rüstəmova vurğulayıb ki, vətəndaşlarımız onlara yaradılan demokratik mühitdən istifadə edərək, Prezident İlham Əliyevin ətrafında sıx birləşib, ölkəmizin inkişafı, parlaq gələcəyi naminə və bu siyasi kampaniyada həmrəylik nümayiş etdirərək konstitusiyada edilən dəyişikliklərə "Hə" deyəcəklər.

Naftalan şəhəri

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Naftalan şəhər şöbəsi qadın seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan YAP Qadınlar Şurasının sədri Afət Cabbarova Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib.

O, ölkə vətəndaşları, o cümlədən qadınların sentyabrın 26-da Referendum Aktına səs verəcəklərinə əmin olduğunu vurğulayıb. Afət Cabbarova bu prosesdə Naftalan şəhər qadınlarını da fəal olmağa çağırıb. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin ölkəmizin və xalqımızın inkişafına xidmət etdiyini deyən A. Cabbarova Konstitusiya islahatlarının dövlətçiliyimizin daha da güclənməsinə səbəb olacağını qeyd edib.

Tədbirdə çıxış edən Qadınlar Şurasının üzvü Cəmilə Məmmədov Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib. O bildirib ki, qadınlar dövlət idarəçiliyində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışan C.Məmmədova bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: "Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir".

Sonda vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı öz fəallığı ilə fərqlənəcək Naftalan seçiciləri referenduma "HƏ" deyəcək.

Nizami rayonu

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində "Yeni Azərbaycan" təşviqat qrupunun Nizami rayon şöbəsinin qadın seçicilərlə görüşü keçirilib. Görüşdə çıxış edən "Yeni Azərbaycan" Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, təşviqat qrupunun Nizami rayon şöbəsinin sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Referendum Aktı layihəsinin əhəmiyyətindən geniş bəhs edib.

Sədaqət Vəliyeva bununla yanaşı, Azərbaycan dövlətinin qadın siyasətindən, həmçinin, qadınların ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan da danışıb.

Qeyd edilib ki, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların rolu durmadan artır: "Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasınlar. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə ailələrində ömürlərinin şərəfli günlərini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllində də iştirakçı olurlar. YAP qadınları da ölkənin həm ictimai, həm mədəni, həm də siyasi həyatında yaxından iştirak edirlər. Onlar Azərbaycanı beynəlxalq təşkilatlarda da layiqincə təmsil edirlər. Onların həm partiya işində əldə etdikləri təcrübə, həm də qazandıqları nailiyyətlər örnəkdir. Azərbaycan qadınlarının uğurlar əldə etməsinin əsas səbəbi ulu öndər Heydər Əliyevin qadınların öz imkanlarını ictimai-siyasi sahədə həyata keçirmələri üçün yaratdığı şəraitdir. Ulu Öndərin bu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Diqqətə çatdırılıb ki, hazırda 700 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının sıralarında qadınlar təxminən 50 faiz təşkil edir. Təsadüfi deyil ki, bu gün cəmiyyəti idarə edən səlahiyyətli şəxslər arasında qadınların sayı ildən-ilə artır.

Çıxış edən YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva söyləyib ki, Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur. Qadınların nəcib və xeyirxah məqsədlər naminə sistemli tədbirlərinin genişlənməsində, onların Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin xüsusi rolu var.

Görüşdə çıxış edən digər qadınlar da deyiblər ki, qadınlar cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməklə öz bilik və bacarıqlarını ölkəmizin daha da çiçəklənməsinə sərf edirlər.

Əminliklə əlavə ediblər ki, onlar bütün seçkilərdə olduğu kimi 26 sentyabr tarixində keçiriləcək Referendumda da fəal iştirak edəcək, seçki məntəqələrinə gedərək Konstitusiya dəyişikliklərinə "HƏ" deyəcəklər.

Zəngilan rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Zəngilan rayon şöbəsi rayonun qadın seçiciləri ilə görüş keçirib. Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov, millət vəkili İmamverdi İsmayılov, YAP Zəngilan rayon təşkilatının Qadınlar Şurasının sədri Almaz Osmanova və digərləri iştirak ediblər.

Görüşdə ilk çıxış edən YAP) Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov seçicilərə Konstitusiyaya təklif edilən əlavə dəyişikliklər haqqında məlumat verib. O bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlar qazanılır, demokratik dövlət quruculuğu prosesində geniş islahatlar aparılır, regionlar sürətlə inkişaf edir, iqtisadiyyat genişlənir, sosial layihələr həyata keçirilir: "Məhz bu baxımdan Konstitusiyada müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyulurdu. Bu həm zərurət, həm də zamanın tələbidir".

Daha sonra YAP Zəngilan rayon təşkilatının Qadınlar şurasının sədri Almaz Osmanova Konistitusiyaya ediləcək əlavə və dəyişiklikləri barədə çıxış edib.

Millət vəkili İmamverdi İsmayılov Konistitusiyamıza ediləcək əlavə dəyişikliklərin zəruriliyindən danışaraq, seçicilərə Referendum Aktında yer alan müddəların mahiyyəti haqqında məlumat verib.

Görüşdə seçicilərin sualları cavablandırılıb.

Yasamal rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Yasamal rayon şöbəsində qadın seçicilərlə görüş keçirilib. Təbliğat kampaniyasına "Həmrəy olaq, "HƏ" deyək"! devizi ilə başlayan "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Yasamal rayon şöbəsi təbliğat kampaniyasını uğurla davam etdirir.

Görüşdə referendumun mahiyyətini açıqlayan və ölkə iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsinin daha mükəmməl təminatına yönələn dəyişiklik və əlavələrin dövrün, zamanın tələbindən irəli gəldiyini bildirən YAP Yasamal rayon təkilatının sədri Tağı Əhmədov vurğulayıb ki, dünya birliyinin ən etibarlı üzvü kimi daxili və xarici siyasətini qarşılıqlı əməkdaşlıq və etimad üzərində quran Azərbaycan beynəlxalq təcrübədə sınanmış və özünü doğrultmuş idarəetmə mexanizmlərinin ölkəmizdə tətbiqinə diqqətlə yanaşır.

"Bəllidir ki, prezidentlik üsul-idarə sisteminin mövcud olduğu bir çox ölkələrdə dövlət başçısı 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi vitse-prezidentlik institutunun formalaşdırılması səlahiyyətlərinə malikdir" söyləyən T.Əhmədov qeyd edib ki, Azərbaycan prezidentli respublika olduğu üçün ölkəmizdə bu cür idarəetmə sisteminin tətbiqi qanunuyğundur və hüquqa əsaslanır.
O, ali və icraedici orqanlara seçib seçilmək hüququ üçün 18 yaş həddi müəyənləşdirilməsi ilə bağlı dəyişikliyin gənclərə diqqət və qayğıdan irəli gəldiyini bildirib.
Görüşdə digər dəyişikliklərlə bağlı açıqlamalar verildi. YAP Siyasi Şurasının üzvü, BDU-nun professoru İradə Hüseynova, YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamella Şahbazova çıxış edərək bildiriblər ki, milli təhlükəsizliyimizin daha etibarlı təminatı üçün nəzərdə tutulan, əhalinin sosial müdafiəsini, demokratiyanın inkişafını daha da sürətləndirəcək dəyişiklik və əlavələrin tətbiqində məqsəd idarəetmədə daha mükəmməl və səmərəli mexanizmlərin tətbiqinə nail olmaqdır.

Sabunçu rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Sabunçu rayon təşkilatının qərargahında qadın seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP Sabunçu rayon təşkilatının Mehriban Abasquliyeva Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib: "Azərbaycan xalqı referendumda iştirak etməklə özünün və gələcək nəsillərin gələcəyini müəyyən edəcək. Konstitusiyaya təklif edilən dəyişiklər zamanın və bu günün tələbidir. Xalqımızın hüquq və azadlıqlarının qorunması çox vacibdir. Bu baxımdan Konstitusiyaya təklif edilən dəyişiklərin əksəriyyətin məhz insan haqlarının qorunmasına həsr edilib. Biz buna çox sevindirik. Bu addım Azərbaycanda insan haqları mövzusuna önəm verildiyinin əsas göstəricisidir".

O, əminliklə vurğulayıb ki, ölkə vətəndaşları, o cümlədən qadınlar sentyabrın 26-da Referendum Aktına səs verəcəklər.

Görüşdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Sevinc Fətəliyeva tədbir iştirakçılarını salamlayaraq Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib.

S.Fətəliyeva qeyd edib ki, Azərbaycan xalqı referendumda iştirak etməklə özünün və gələcək nəsillərin necə yaşayacağını müəyyən edəcək: "Konstitusiyaya təklif edilən dəyişiklər zamanın və bu günün tələbidir: "Xalqın hüquqlarının qorunması çox vacibdir. Bu baxımdan Konstitusiyaya təklif edilən dəyişiklərin əksəriyyətinin insan haqlarının qorunmasına həsr edilməsi sevindirici haldır. Bu, Azərbaycanda insan haqları mövzusunun ən önəmli olduğunun göstəricisidir".

Konstitusiya islahatlarının ölkəmizin gələcək inkişafına xidmət etdiyini deyən S.Fətəliyeva qadınların bu prosesdə fəal olacağına əminliyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə