"Yeni Azərbaycan" təşviqat qrupunun Şəki şəhər şöbəsi tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon ərazisində yerləşən "Şəki Tütün"ASC-yə məxsus inzibati binanın akt zalında seçicilərlə növbəti görüş keçirilib. Görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" təşviqat qrupunun Şəki şəhər şöbəsinin rəhbəri, Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının sədri Həsən Həsənov Referendum Aktı haqqında geniş məlumat verib. Təşkilat sədri Konstitusiya islahatlarının zərurətdən qaynaqlandığını və inkişafa xidmət etdiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən idarəetmədə kompleks islahatları özündə ehtiva edir. "Konstitusiyaya əlavə və dəyişikliklərlə milli təhlükəsizliyimizi təhdid edə biləcək birliklərin yaranmasına konstitusion qadağa gələcək, hüquqdan sui-istifadələrin qarşısı alınacaq, sahibkarlar sosial öhdəçiliyin subyektinə çevrilməklə sosial dövlət fəlsəfəsinə xidmət edəcəklər, məhkəmə süründürməçiliyinə son qoyulacaq, ədalətli mühakimə təmin ediləcək. Bütün bunlar isə Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edəcək", - deyə millət vəkili Hikmət Babaoğlu əlavə edib.
AMEA-nın Tarix İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək Konstitusiya islahatlarının ölkəmizin milli maraqlarına xidmət etdiyini bildirib. O, seçiciləri fəal olmağa və sentyabrın 26-da Referendum Aktına səs verməyə çağırıb. Diqqətə çatdırıb ki, hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır: "Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. Konstitusiyaya təklif edilən dəyişikliklər də ölkəmizin daha da inkişafına şərait yaradacaq".
Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini və Referendum Aktına səs verəcəklərini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB