Seçicilərlə görüşlər davam edir (YENİLƏNİB) FOTOLAR

Seçicilərlə görüşlər davam edir (YENİLƏNİB) FOTOLAR

Referendum üzrə "Bələdiyyə" təşviqat qrupu Ağcabədi şəhər seçiciləri ilə daha bir görüş keçirib. SİA-nın xəbərinə görə, Qarabağ Muğam Mərkəzində baş tutan görüşü Ağcabədi Bələdiyyəsinin sədri Mürşüd Məmmədov açaraq Konstitusiyaya təklif olunan əlavə dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini vurğulayaraq, bu prosesin ölkənin inkişafı, dünya birliyinə inteqrasiyası ilə əlaqədar olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı Tahir Rzayev görüşdə çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri maddalər üzrə ətraflı təhlil edərək seçicilərə geniş məlumat verib.

Yığıncaqda iştirak edən "Yeni Azərbaycan" qrupunun Ağcabədi rayon şöbəsinin sədr müavini Nazim Bünyatov çıxış edərək bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ölkənin milli təhlükəsizliyinin, sahibkarların hüquqlarının qorunmasına, vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin olunmasına stimul yaradacaq. O, seçiciləri sentyabrın 26-da seçki məntəqələrinə gələrək referendumda əlavə və dəyişikliklərə səs verməyə çağırıb.

Görüşdə Ağcabədi bələdiyyəsinin üzvləri Səadət Kazımova və Məhsəti Ağayeva çıxış edərək Konstitusiyamıza təklif edilən əlavə və dəyişikliklərin, ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, ölkə əhalisinin maddi rifah halının yaxşılaşmasına, ölkənin sürətli inkişafına gətirib çıxaracaq müddəalar olduğunu qeyd edərək seçki günü seçiciləri seçki məntəqələrinə gələrək səsvermədə iştirak etməyə səsləyiblər.

Salmanbəyli kənd bələdiyyəsinin sədri Fəxrəddin Qasımov çıxış edərək Konstitusiyaya əlavə və dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini, ölkə vətəndaşların milli maraqlarının qorunmasına hesablandığını qeyd edib. O, Salmanbəyli seçiciləri adından bəyan edib ki, bələdiyyə ərazisində yaşayan bütün seçicilər sentyabrın 26-da siyasi iradə nümayiş etdirərək dəyişiklikləri dəstəkləyəcəklər.

Qəbələ rayonu

Referendum üzrə "Bələdiyyə" təşviqat qrupu Qəbələ rayonunun Nohurqışlaq kəndində Yengicə və Tüntül kəndindən olan seçicilərlə görüş keçirilib. Görüşdə çıxış edən siyasi şürasının üzvü, "İki Sahil" qəzetinin redaktoru Vüqar Rəhimzadə referendum Aktı layihəsi barədə seçicilərə məlumat verib. O, bildirib ki, Referendum Aktı layihəsində olunacaq dəyişikliklər ölkəmizin təhlükəsizliyinin təminatında, idarəetmənin formalaşdırılmasında, eləcədə insan hüquq və azadlıqlarının genişləndirilməsində müstəsna rol oynayacaq.

Natiq çıxışında qeyd etdi ki, müstəqil respublikamız sürətli inkişaf yolundadır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə son 12 ildə qazanılan böyük uğurlar, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlar, ölkəmizin dünya miqyasında nüfuzunu artırır".

Vüqar Rəhimzadə Konstitusiyada aparılacaq islahatların Azərbaycan xalqının firavan gələcəyinə xidmət edəcəyini bildirib.

Görüşdə çıxış edən seçicilərdən Telman Abduxalıqov, Vəfa Mehdiyeva, Nizami İbrahimov və Oktay Babayev 26 sentyabr tarixində referenduma çıxarılacaq əlavə və dəyişikliklərə "HƏ" deyəcəklərini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə