"Yeni Azərbaycan" təşviqat qrupu qadın fəallarla görüş keçirib FOTOLAR
Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupu Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında rayonun qadın fəalları ilə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşdə təşviqar qrupunun səalhiyyətli nümayəndəsi, millət vəkili Eldar İbrahimov, Binəqədi rayon Təşkilatının sədri, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsinin rəhbəri Ramiz Göyüşov, YAP Binəqədi rayon Təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Nazənin Hüseynova, rayon təşkilatının Qadınlar Şurasının üzvləri, ərazi ilk partiya təşkilatlarının qadınlar şuralarının üzvləri iştirak ediblər.
Görüşü giriş nitqi ilə Ramiz Göyüşov açaraq bütün dünyada, xüsusilə İslam ölkələrində baş verən müharibələr, xaos, günahsız insanların qətlə yetirilməsi, dünya sivilizasiyalarının beşiyi sayılan İraq, Misir, Suriya və digər kimi ölkələrin demokratiya adı altında məhv edildiyini bildirib. O bildirib ki, bütün bu proseslərin fonunda ölkə başçısı İlham Əliyevin düşünülmüş, müdrik və müstəqil siyasi strategiyası nəticəsində Azərbaycan davamlı inkişafa nail olub. O həmçinin Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin sosial tələb olduğunu və mövcud uğurların bariz nəticəsi kimi qiymətləndirib: "Konstitusiya islahatları milli maraqlara söykənməklə yanaşı, insanların gələcək rifahına hesablanıb. Bütün qadınları səsvermə günü həmrəy olub,dövlətçiliyimizin inkişafına naminə səsverməyə dəvət edirəm".
Görüşdə ətraflı nitq söyləyən təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Eldar İbrahimov ölkə Konstitusiyasının yaranma tarixindən, o vaxtdan ötən müddət ərzində aparılan islahatlarından bəhs edib. Millət vəkili, ölkəmizin sürətlə inkişaf etdiyini və qanunvericilik bazasına əlavə və dəyişikliklərin də bu inkişafın tərkib hissəsi olduğunu qeyd edib: "Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin 15-nin, təqribən 60 faizi insan hüquq və azadlıqlarının təminatına həsr edilib. Bu baxımdan bütün seçiciləri, xüsusilə də fəal qadınları 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi-referendumda fəal olmağa və referendum aktı layihəsinə səs verməyə çağırıram".
Görüşdə çıxış edən Aytac Əliyeva və Nazənin Hüseynova bildiriblər ki, Konstitusiyaya əlavə və dəyişikliklər dövlət idarəçiliyinin daha da mökəmləndirilməsi, vətəndaşların layiqli həyat səviyyəsinin daha da yüksəldilməsinə, sosial məsuliyyətin artırılmasına, etnik, dini ayrıseçkiliyin bütün təzahülərinin aradan qaldırılmasına hesablanıb.
Görüşün sonunda Konstitusiyaya təklif edilən əlavə və dəyişiklərlə bağlı geniş müzakirələr aparılıb. Rayon təşkilatının Qadınlar Şurasının üzvü Məleykə Allahverənova tədbir iştirakçıları adından çıxış edərək referendum aktı layihəsini və dövlət başçısı İlham Əliyevin siyasətini dəstəklədiklərini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB