Ciddə şəhərinə çatanda artıq gecə idi. Hava limanında insan izdihamı yaşanırdı. Dünyanın müxtəlif ölkələrindən gələn zəvvarların bir arzusu var: Həccin bütün əməllərini yerinə yetirmək. Zəvvarların arasında qoca, cavan, uşaq, xəstələr, əlil arabasında olanlar da var. Ciddə hava limanında qarşılaşdığımız yaşı 80-ni ötmüş İndoneziyadan olan qadını əlil arabasında nəvəsi gətirib. Deyir ki, ölmədən müqəddəs yerləri ziyarət etməsə, günah olar. İndi o, ən böyük arzusunu gerçəkləşdirir.
İhram Ümrənin birinci əməlidir. Yəni Ümrəyə başlamaq üçün niyyət etmək deməkdir. Ona görə də Ciddəyə yola düşərkən kişilər ihramlarını geyinir, qadınlar da uyğun geyimlərdə olurlar. Ümumiyyətlə, əgər Həcc ziyarətinə gedirsənsə, Ciddəyə daxil olanda mütləq ihramda olmalısan.
Hava limanında sərhəd buraxılış məntəqəsində qabaqlayıcı tədbir olaraq antibiotiklər təqdim olunur.
Daha sonra Məkkəyə yola düşürük. Ciddədən Məkkəyə avtobusla təxminən bir saatlıq yoldur. Müqəddəs şəhərin gecə mənzərələrini izləmək insana xüsusi zövq verir. Məkkəyə yetişib otelə daxil oluruq, burada qonaqlara zəmzəm suyu və xurma təklif olunur. Səhər isə həccin əməllərindən birini, Ümrə ziyarətini həyata keçirəcəkdik.
Zəvvarları Kəbəyə aparan avtobuslar bütün sutka işləyir. Zəvvarlar gündüz, gecəyarı, bir sözlə istənilən vaxt Kəbəyə ziyarətə gedə bilirlər. Ümrə ziyarətini bitirdikdən sonra, ata, ananın, başqa əziz bir adamının adına da Ümrə edə bilərsən. Ancaq bu zaman ziyarət etmək istəsən, miqat etməlisən.
Yəni Ümrə etmək istəyən şəxs miqata qədər olan ərazilərdə yaşayırsa, onda miqatda ihrama girməlidir. Əgər o miqatdan sonrakı yerlərdə yaşayırsa, onda öz evindən ihrama girməlidir. Məkkədə yaşayanlar isə oradan kənara çıxmalı və sonra Ümrəyə niyyət etməlidirlər. Belə ki, Peyğəmbər Aişəyə Tənim adlı yerdən ihrama girməyi əmr edib.
Bütün dünyanın birləşdiyi məkan
Bu günlər demək olar ki, bütün dünya və millətlər Məkkədə birləşib. Burda dünyanın hər yerindən gəlmiş insanlarla qarşılaşmaq olar. Azərbaycanlı, rusiyalı, çinli, amerikalı, bosniyalı, orta asiyalı, özbək, türkmən, qazax, Afrika xalqlarının nümayəndələri... Burada hamı bərabərdir, insanların geyimi də, davranışı da. Zəvvarlar yeddi dəfə Kəbəni dolanıb təvaf edərək, dualar oxuyur, niyyətlərinin həyata keçməsini arzu edirlər. Deyilənə görə, Kəbəni ilk dəfə görəndə edilən niyyət, dua həyata keçir. Biz də dualarımızı edib, namaz qılıb, növbəti əməlləri yerinə yetiririk.
Havanın olduqca isti olması zəvvarların ziyarətlərini həyata keçirmələrinə mane olmur. Allah evinə gələn bəndələrinin sonadək öz ziyarətlərini yerinə yetirmələri üçün güc verir.
Növbəti əməl Mərvə və Səfa dağları arasındakı məsafənin qət edilməsidir. Səfa və Mərvə Hərəmü məscidinin kənarındakı iki dağın adıdır. Bu dağlar arasında təqribən 500 metrə yaxın məsafə var. Onlar üzbəüz yerləşiblər. Ziyarətçilər bu iki dağ arasında yeddi dəfə hərəkət etməlidirlər. Bu iş həzrət İbrahimin həyat yoldaşı Həcərin xatirəsinin yad edilməsidir. Həcər öz körpəsi İsmayıl üçün su əldə etmək məqsədi ilə bu iki dağın arasında yeddi dəfə iztirab və nigarançılıqla səy(qaçış) edib. Su tapmaqdan ümidini kisən Həcər, aclıqdan əldən düşmüş bir vəziyyətdə orada buraxdığı kiçik körpəsi İsmayılın nə vəziyyətdə olduğunu anlamaq üçün Kəbəyə doğru döndü və oraya çatdığında bu dəfə kiçik İsmayılın ayağının altındakı torpaqdan su fışqırdığını görür. Suyun bu şəkildə yerdən qaynayıb çıxmasına ərəbcə "zəmzəm" deyilir. Zəmzəm suyunun tarixçəsi budur.
Ümumiyyətlə, Ümrədə beş əməl vacibdir: ihram, təvaf, təvaf namazı, Səfa və Mərvə arasında səy, saçı və ya dırnağı kəsmək. Səfa və Mərvə arasında səy həm ümrəyə, həm də həccə aiddir. Zəvvarlar iki dağ arasındakı məsafəni yeddi dəfə qət edirlər, bu zaman onlar dualar oxuyurlar. Kişilər isə iki dağ arasında yaşıl işıq olan tərəfi qaçaraq qət edirlər. Bu əməli yerinə yetirdikdən sonra isə təqsir niyyəti edərək ya saçlarından ya da dırnaqlarından kəsirlər. Bu həm də ümrə ziyarətinin sonuncu əməli hesab olunur.
Zəvvarların təhlükəsizliyi üçün zəruri tədbirlər
Bu il Səudiyyə Ərəbistanı hökuməti tərəfindən zəvvarların təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülüb. Bu, Səudiyyə Ərəbistanının kralı tərəfindən Həcc ziyarətinə dəvət olunmuş qonaqların qaldığı oteldə Krallığın həcc naziri, doktor Bəndər bin Məhəmmədlə görüş zamanı da vurğulandı. Nazir Bəndər bin Məhəmməd bildirdi ki, hər il olduğu kimi bu il də Həcc ziyarətinə yüksək səviyyədə hazırlıq görülüb: "Ölkəyə gələn milyonlarla zəvvarın təhlükəsizliyi yüksək səviyyədə qorunması, onların asan və təhlükəsiz hərəkəti, otellərdə qalmaları üçün şəraitin yaradılması, qida və hətta həcc geyimi – ihramla təmin olunmaları Səudiyyə hökumətinin ümdə vəzifəsidir və bunun öhdəsindən gəlir. Kral tərəfindən çox sayda ölkədən xüsusi qonaqların dəvət olunması və bütün xərclərin Səudiyyə Krallığının öz üzərinə götürməsi dünya müsəlmanlarına göstərilən sevgi və hörmətin təcəssümüdür".
Qeyd edək ki, ərazidə təmizliyə də xüsusi diqqət yetirilir. Belə ki, yerə atılan zibil qalıqları dərhal yığışdırılır, ərazi yuyularaq, dizenfeksiya olunur Zəvvarlar sərin zəmzəm suları ilə təmin olunurlar. Həmçinin, isti nəzərə alınaraq su püskürən xüsusi sərinkeşlər də quraşdırılıb.
Ümrə ziyarəti həm də kiçik həcc sayılır. Həcc ziyarəti isə rəsmi olaraq sentyabrın 10-da başlayır. Zəvvarlar bu tarixdən həcc əməllərini yerinə yetirəcəklər.
Pərvanə Sultanova
Bakı-Ciddə-Məkkə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB