AXCP-"Milli Şura" cütlüyünün sentyabrın 11-ə təyin etdiyi mitinq qərarının ardınca, ölkədə faəliyyət göstərən bir sıra ənənəvi, eləcə də yeni yaradılan müxalifət partiyaları eyni mövqelərdən çıxış edərək, bu aksiyaya qatılmayacaqlarını bəyan ediblər. Belə ki, VİP, VHP, KXCP, Ümid, "Ağ Partiya", AzDP, Azərbaycan Demokratiya və Rifah hərəkatı və s. kimi siyasi qurumlar mitinqin uğurlu olacağına şübhə ilə yanaşdıqlarını, o cümlədən, bunu Əli Kərimlinin, eləcə də Cəmil Həsənlinin referendumöncəsi Qərb təşkilatları qarşısında divident qazanmaq istədikləri kimi qiymətləndiriblər.
Sərdar Cəlaloğlu: "Biz mitinq qərarının verilməsi prosesində iştirak etməmişik"
Bu arada Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da özünəməxsus tərzdə mitinqlə bağlı fikirlərini bildirib və mətbuata açıqlamasında deyib ki, rəhbərlik etdiyi siyasi təşkilatın miktinqə qatılmaq fikri yoxdur. SİTAT: ""Milli Şura"nın mitinqinə qatılmaq sözü düzgün ifadə deyil. Əvvəla "Milli Şura" bununla bağlı bizə müraciət etməyib. İkincisi, biz mitinq qərarının verilməsi prosesində iştirak etməmişik".
Göründüyü kimi, Cəlaloğlu bununla demək istəyib ki, nə "Milli Şura" ADP-yə təklif göndərib, nə də ADP-nin buna marağı yoxdur. Daha dəqiq desək, "prosesdə iştirak etməmişik" ifadəsi ilə o demək istəyib ki, Əli Kərimli-Cəmil Həsənli cütlüyü hələ avqustun ortalarından başlayaraq, ABŞ, Böyük Brtitaniya və Fransa səfirliklərində təlimatlar alıblar və bu prosesin ADP-yə heç bir bağlılığı yoxdur.
"Nə onlar bizi mitinqə dəvət edib, nə də biz bu mitinqdə iştirak haqqında düşünürük"
Digər tərəfdən, ADP AXCP və "Milli Şura" kimi siyasi qurumların xarici dairələrə işləmələrini satqınçılıq kimi qiymətləndirir. Ancaq o, bunu açıq şəkildə deməsə də, dolayısı ilə bu cür ifadə edib. Bununla yanaşı, "nə şiş yansın, nə kabab" prinsipini əsas götürərək mövqeyini bu cür qiymətləndirib: "Sadəcə olaraq biz partiya üzvlərinə hər hansı bir qadağa qoya bilmərik. Çünki bu konstitusiya hüququna ziddir. Lakin özümüz mitinqə qatılmayacağıq".
Amma buna baxmayaraq, ADP sədri söyləyib ki, əslində hansısa partiya rəhbərliyinin hansısa partiyanın mitinqində iştirakı kimi təcrübə yoxdur: "Nəzərə almaq lazımdır ki, belə aksiyalarda iştirak həm də qrup maraqları ilə bağlıdır. İndiki halda nə onlar bizi mitinqə dəvət edib, nə də biz bu mitinqdə iştirak haqqında düşünürük".
Beləliklə, daha bir ənənəvi müxalif partiyası Əli Kərimli-Cəmil Həsənli cütlüyünün keçirməyə çalışdıqları etiraz aksiyasını rədd etdi.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB