Azərbaycanın gələcəyinə səs verək! FOTOLAR - YENİLƏNİB

Bölgələrdə referendumla bağlı tədbirlər keçirilib
Azərbaycanın gələcəyinə səs verək! FOTOLAR - YENİLƏNİB

Zaqatala

Bu gün Zaqatala rayon Dağlı kəndində "Yeni Azərbaycan" təşviqat qrupunun sentyabrın 26-a təyin olunmuş referendumla bağlı yığıncağı kecirilib. SİA-ya verilən məlumata görə, yığıncaqda 300 nəfər iştirak edib.

Tədbiri Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov acıb. Sədr Konstitusiyada nəzərdə tutulmuş dəyişikliklərlə bağlı geniş məlumat verərək bildirib ki, ümumxalq səsverməsi - referendum zərurətdən yaranmış bir addımdır. Bu maddələr insan hüquq və azadlıqladıqlarının qorunmasına, sahibkarlıq fəaliyyətinin inkişafına, Azərbaycan dövlətinin daha da inkişaf etməsinə, idarəçilik mexanizminin daha da təkmilləşməsinə və s. xidmət edir.

Görüşdə YAP rayon təşkilatının Qadınlar Şurasının sədri Vəfa Süleymanova, rayon təşkilatının aparat rəhbəri Ramin Həsənov, Zaqatala şəhər bələdiyyəsinin sədri Nurəli Əhmədov referendumda dəyişikliklərlə bağlı ətraflı məlumat veriblər. Kənd ağsaqqalları və ziyalıları çıxış edərək hər bir Dağlı kənd seçicilərinin 26 sentyabr tarixində seçki məntəqələrinə gələrək bu dəyişikliklərin hər bir maddəsinə HƏ deyəcəklərini bildiriblər.

Nizami rayon

Sentyabrın 26-da keçiriləcək Referendumla əlaqədar Azərbaycanda təbliğat-təşviqat kampaniyasına start verilib. Bu kampaniyaya böyük ruh yüksəkliyilə başlayan referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Nizami rayon şöbəsi sentyabrın 5-də tədbir keçirib.

Tədbirdə çıxış edən referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Nizami rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir. Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğundur.

Qeyd edilib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsilə qəbul edilib. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyamıza iki dəfə referendum yolu ilə dəyişikliklər edilib. Birinci dəfə 24 avqust 2002-ci ildə 22 maddəsinə 31, ikinci dəfə isə 18 mart 2009-cu ildə 9 maddəsinə 41 əlavə və dəyişikliklər edilib. Məhz, edilən əlavə və dəyişiklər hər dəfə ölkənin siyasi sisteminin möhkəmlənməsinə, iqtisadiyyatının, sosial münasibətlərin güclənməsinə, insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına şərait yaradıb.

Çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev bu gün həm dövlətimizin siyasi-hüquqi və sosial-iqtisadi baxımdan inkişafının sürətli getməsi, həm regionun lider ölkəsi kimi transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi qlobal əhəmiyyətli dövlətə çevrilməsi, həm də ölkəmizin böyük dövlətlərin diqqət mərkəzinə gələrək müsbət və mənfi tendensiyaların əsas hədəfinə çevrilməsi Azərbaycanın inkişafını keyfiyyətcə yeni mərhələyə daşıyacaq və təhlükəsizliyini təmin edəcək hüquqi dəyişikliklərin həyata keçirilməsini günün tələbinə çevirir.

Hüquqşünas Nəsib Şükürov isə vurğulayıb ki, sosial-iqtisadi sahənin daha da inkişaf etdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyinin, milli maraqlarının və insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması, xarici təhdidlərin qarşısının alınması, etnik-dini harmoniyanın daha da möhkəmləndirilməsi və s. amillərdən irəli gələrək Azərbaycan daha bir referenduma gedir. Bu baxımdan da Konstitusiyaya təklif edilən dəyişikliklər günün reallığıdır, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir. Təklif olunan layihədə isə Konstitusiyanın 23 maddəsinə düzəliş olunması və 6 yeni maddənin əlavə edilməsi təklif olunur.

YAP Nizami rayon təşkilatının idarə heyətinin üzvü Tofiq Rüstəmli və başqaları bildiriblər ki, referenduma çıxarılan məsələlər dövlətin və cəmiyyətin ən mühüm sahələrini əhatə edir. Dövlət, ictimai münasibətlər inkişaf etdikcə bu münasibətləri tənzimləyən hüquq normaları da dəyişməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır. Həyat hüququn arxasınca deyil, hüquq həyatın arxasınca getməlidir.

Tədbirdə rəyini soruşduğumuz seçicilər də bildiriblər ki, onlar dövlətimizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün uğurlu daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin Sərəncamını alqışlayır, dəstəyini ifadə edir və Konstitusiyaya təklif olunan dəyişikliklərə "hə" deyirlər.

***

Sədaqət Vəliyeva: Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir

Şəmsəddin Hacıyev: Azərbaycanın inkişafını keyfiyyətcə yeni mərhələyə daşıyacaq və təhlükəsizliyini təmin edəcək hüquqi dəyişikliklərin həyata keçirilməsi günün tələbidir

Nəsib Şükürov: Konstitusiyaya təklif edilən dəyişikliklər günün reallığıdır, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir

Tofiq Rüstəmli: Dövlət, ictimai münasibətlər inkişaf etdikcə bu münasibətləri tənzimləyən hüquq normaları da dəyişməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır

Günel Vəliyeva: Azərbaycanımızın inkişafına xidmət edən Konstitusiya dəyişikliklərini dəstəkləyirəm və sentyabrın 26-da məntəqəyə gedərək hər bir maddəyə öz müsbət münasibətini bildirəcəyəm

İlqar Həmzəyev: Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərin edilməsi üçün keçiriləcək referendumda fəal iştirak edəcəyəm və Referendum Aktının lehinə səs verəcəyəm

Kamran Güləliyev: Bundan əvvəl keçirilmiş referendumlar ölkəmizin inkişafına əlavə təkan vermişdi. Düşünürəm ki, budəfəki dəyişikliklər də əldə olunmuş nailiyyətlərimizin daha artmasına stimul vermiş olacaq. Xalqımız və dövlətimiz üçün xeyirli olsun

Rüfət Hüseynov: Referendumun keçirilməsi birbaşa ölkəmizin sabitliyinə, əmin-amanlığına, insanlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Ona görə də hər kəsi 26 sentyabr tarixində məntəqələrə getməyə və Referendum Aktının lehinə səs verməyə çağırıram

Səidə Musayeva: Gəlin hər birimiz bütün seçkilərdə olduğu kimi budəfə də həmrəy olaq və məntəqələrə gedərək Referendum Aktına hə deyək

Şirvan şəhəri

Sentyabrın 5-də Şirvan şəhərində referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə izdihamlı görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov bildirib ki, Konstitusiyaya təklif olunan dəyişikliklər və əlavələrlə bağlı Referendum Aktı layihəsini imzalaması cənab Prezidentimizin ölkə vətəndaşına verdiyi yüksək qiymətin təzahürüdür. Onun sözlərinə görə, vətəndaşlarının böyük əksəriyyəti bu dəyişikliklərə və əlavələrə yekdilliklə səs verəcək. Çünki bu, ölkəmizə yeni inkişaf tendensiyası gətirəcəkdir.

Görüşdə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək Konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışdı. Bildirdi ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: "Hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi - referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavədir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq".

Səlahiyyətli nümayəndənin fikrincə, gələcəkdə Azərbaycanda daha optimal idarəetmənin şahidi olacağıq: "Həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik. Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Bu kontekstdə Nazirlər Kabineti ilə bərabər vitse-prezidentlik institutu da olacaq. Onlar bir-birinin təkrarı deyil. Hər bir qurumun özünün xarakterik xüsusiyyətləri var. Bu baxımdan, biz məsələni daha çox yeni və daha effektiv institusional qurumun yaradılması kimi başa düşməliyik. Qeyd etdiyim kimi, bu yeni qurum özü-özlüyündə daha effektiv və səmərəli idarəetməni təmin edəcək. Onu da qeyd edim ki, prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə prezident 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır. Bütövlükdə, Referendum Aktının layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər (insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, tanınması, bank-maliyyə sisteminin idarə olunması və sair) əks olunub".

Tədbirdə çıxış edən seçicilər də Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə tanış olduqlarını və ona səs verəcəklərini bildirdilər.

Lənkəran rayonu

Bu gün "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun üzvlərinin 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı Lənkəran rayonunu Şilavar və Digah kəndlərinin seçiciləri ilə görüşü olub.

Tədbiri giriş sözü ilə YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açaraq seçiciləri salamlayıb. Seçicilərə 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinində (referendum) fəal iştirak etməyə çağırdı.

Tədbirdə çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklərlə bağlı qeyd edib ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə dövlət başçımızın sərəncamı tamamilə təbii və məntiqəuyğun olub, ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlir.

Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirib. Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın çağdaş inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır. Bütün bu Konstitusiya dəyişikliklərində əsas məqsəd prezident üsul idarəsi olan dövlətimizdə hakimiyyət idarəçiliyinin daha çevik, sürətli və mükəmməl formada həyata keçirməkdir.

Tədbirin sonunda seçiciləri maraqlandıran suallara cavablar verilib.

Mingəçevir şəhər

Sentyabrın 26-da ölkəmizdə konstitusiya dəyişiklikləri ilə əlaqədar keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində ""Yeni Azərbaycan" təşviqat qrupunun Mingəçevir şəhər şöbəsi şəhərin yaşayış massivlərində seçicilərlə görüşlərə başlayıb.

İlk görüş şəhərin Aydın Məmmədov küçəsi ev 1 ünvanında keçirilib. Görüşdə "Azərbaycan Respbulikasının Konstituisaysında dəyişikliklər haqqında" Referendum Aktı barədə vətəndaşlara geniş məlumat verilib, konstitusiya islahatlarının əhəmiyyəti haqqında fikirlər bildirilib. Qeyd edilib ki, bu islahatlar dövlətçiliyimizin daha da gücləndirilməsinə xidmət edir.

Görüşdə iştirak edənlər konstitusiya islahatlarını dəstəklədiklərini və referendum aktına səs verəcəklərini vurğulayıblar.

Gədəbəy

26 sentyabr ümumxalq səsverməsi (referendum) ilə bağlı "Yeni Azərbaycan" təşviqat qrupu Gədəbəy rayonunda təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Gədəbəy rayon şöbəsinin sədri Rüstəm Nağıyev keçiriləcək referendumla bağlı Gədəbəy rayonunda fəal təbliğat işlərinin qurulduğunu bildirib. "Yeni Azərbaycan" təşviqat qrupunun "HƏMRƏY OLAQ, HƏ DEYƏK!" devizi ilə təbliğat kampaniyasına start verdiyini bildirən R.Nağıyev referenduma təqdim olunan əlavə və dəyişikliklər layihəsində qeyd olunan müddəaların ölkəmizin gələcək inkişafında mühüm əhəmiyyətli rola malik olacağını deyib.

Tədbirdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun vəkili, millət vəkili Sevinc Hüseynova qeyd edib ki, nəzərdə tutulan Konstitusiya dəyişiklikləri ölkəmizin inkişaf strategiyasının daha da effektivliyini təmin edəcək. Millət vəkili qeyd edib ki, bunları təklif olunan layihədəki müddəalara nəzər saldıqda daha aydın görmək olar: "Təklif edilən əlavə və dəyişikliklərdə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququnun qanunla məhdudlaşdırıla bilməsi ilə bağlı məqamlar yer alır. Torpaqlardan səmərəli istifadə məsələsi hər zaman öz aktuallığını qoruyur. Bu gün dünyanın ən mühüm problemlərindən biri məhz ərzaq təhlükəsizliyi məsələsidir. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı məsələsinə aid bir sıra qanunlar, Dövlət proqramları qəbul edilib. Torpaq ehtiyatlarından səmərəli istifadə isə bizə bu işdə daha yaxından kömək edəcək. Bu mənada irəli sürülən müddəalar birmənalı şəkildə dövlətimizin inkişafına, eləcə də vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət göstərir".

Tədbirdə çıxış edən Gədəbəy seçiciləri sentyabrın 26-da referendumda iştirak edəcəklərini və təklif olunan əlavə və dəyişikliklərin lehinə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə