"Vitse-prezidentlik institutunun yaradılması zamanın tələbidir" AÇIQLAMA
"Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması zamanın tələbi ilə yanaşı, dövlətçiliyimizin inkişafında vacib məsələdir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasında İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, ölkəmizdə prezident idarəçiliyi olduğu üçün sentyabrın 26-da ölkədə baş tutacaq ümumxalq səsverməsi – Referendumda dövlət başçısının özünə vitse-prezidentlər seçə bilmək imkanı təklif edilir: "Ümumiyyətlə, bu təcrübə bir çox dövlətlərdə - ABŞ, İran və digər ölkələrdə var. Azərbaycanda da belə bir institutun yaradılması hesab edirəm ki, ölkəmizdə aparılan bir çoix işlərə müsbət mənada böyük təsir göstərəcək".
Milli Məclisin komitə sədri qeyd edib ki, vitse-prezidentlik institutu ölkəmizdə iqtisadi, siyasi, sosial və digər sahələrlə bağlı aparılan işlərin daha yüksək səviyyədə və çevik şəkildə həyata keçməsinə də öz təsirini göstərəcək: "Konstitusiyada bununla bağlı nəzərdə tutulan dəyişikliklər bütövlükdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına xidmət göstərəcək. Belə ki, dövlətçiliyimizin daha yaxşı idarə olunması, iqtisadiyyatımızın daha da güclənməsindən daha çox xalq faydalanacaq. Sadalanan işlərin daha çevik şəkildə həyata keçməsində prezidentin özünün müavinlərinin olması vacib və məqsədəuyğundur. Yeni institut həmçinin məmur-vətəndaş münasibətlərində də köklü dəyişikliyə səbəb olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB