AXCP rəsmisi: “Əli Kərimli mənim üçün bitmiş mövzudur” AÇIQLAMA

AXCP rəsmisi: “Əli Kərimli mənim üçün bitmiş mövzudur” AÇIQLAMA

"Ənənəvi müxalifətin yarıtmazlığı ölkənin gəncliyini də məhv edir. Biz bunu NİDA Vətəndaş Hərəkatı timsalında açıq-aşkar gördük. Bu məsələyə uzun zamandır ki, münasibət bildirmək istəyirdim. Heç kimə sirr deyil ki, NİDA Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin təşəbbüsü ilə yaradılıb. NİDA-da çox savadlı, intelektual gənclər var. Amma bununla yanaşı təsir altına düşən gənclərin də sayı az deyil". AXCP sədrinin ictimai məsələlər üzrə müavini Ehtiram Mehdiyev deyib.

Onun sözlərinə görə, NİDA parçalandıqdan sonra gənclərin bir hissəsi İsa Qəmbəri, bir hissəsi isə Əli Kərimlinin tərəfinə keçdilər: "Daha doğrusu onların təsir dairəsinə düşdülər. Yerdə qalan gənclər isə daha doğru qərar verərək, mübarizəni siyasi əlillərin təsiri altında deyil, müstəqil şəkildə aparmağı seçdilər. Bu parçalanmaları, ikili oyunları görüb NİDA-nı tərk edib başqa partiyaya üzv olanlar da oldu. Baş verən haqsızlıqlara dözməyib xaricə qaçmağı da seçənlər az olmadı. Əslində Əli Kərimli mənim üçün bitmiş mövzudur. Amma mövzu Azərbaycanın sağlam düşüncəli, mübariz, intelektual gənclərindən gedirsə susmaq günahdır. Biz o saf gənclərlə birlikdə gəncliyimizin ən gözəl çağlarını mübarizəyə həsr etmişdik".

E.Mehdiyev əlavə edib ki, bir çox gənclər kimi nidaçılarda Kərimli xislətinin qurbanı oldular: "Hal-hazırda bəzi NİDA üzvləri var ki, Əli Kərimliyə alternativ olan şəxsləri təhqir edir, onu müdafiə etməyə çalışırlar. NİDA baş verən son qalmaqallar da məhz bunun nəticəsində baş verdi. Uzun zaman bir yerdə mübarizə aparmağımıza baxmayaraq bəziləri yalnız "Yurd"a xidmət etməyi seçdilər və bu da NİDA İdarə Heyətində geniş narazılıqlara səbəb oldu. Məhz bunun sayəsində İdarə Heyətinin 3 üzvü NİDA-dan ayrıldı. Ənənəvi müxalifət hər zaman olduğu kimi yenə də savadlı, intelektual gənclərdən ibarət bir hərəkatı dağıtmağı bacardı. İndi NİDA-da qalanlar təşkilatı yenidən formalışdırmağa və siyasi əlillərin təsiri altına düşənləri öz yanlarından kənarlaşdırmağa çalışırlar".

AXCP rəsmisi bildirib ki, Yurd sədri nidaçılardan siyasi divident əldə etmək üçün istifadə edir: "Buna yol vermək olmaz. NİDA yetkililəri bunu nəzərə almalıdır və Əli Kərimlidən mümkün qədər uzaq dayanmalıdır. Doğrudur Kərimlini dəstəkləyən nidaçılar 5-6 nəfərdən ibarətdir. Amma onlar hələ də NİDA-nı təmsil edir və atdıqları hər bir səhv addım NİDA-nın ayağına yazılır".

Bütün xəbərlər Facebook səhifəmizdə