Salih Yılmaz: “Torpaqların mərhələli şəkildə qaytarılacağı ehtimalı çoxdur” ŞƏRH

Salih Yılmaz: “Torpaqların mərhələli şəkildə qaytarılacağı ehtimalı çoxdur” ŞƏRH

"Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatının yaradılması Avrasiya bölgəsi baxımından olduqca önəmlidir. Bu format eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə və Rusiyanın qərarlı olduğunu göstərir. Bunu SİA-ya açıqlamasında Ankaradakı İldırım Bəyazit Universitetinin professoru, politoloq Salih Yılmaz deyib.

Onun sözlərinə görə, avqustun 8-də Bakıda keçirilmiş Azərbaycan-Rusiya-İran prezidentlərinin görüşlərində də Qarabağ münaqişənin həlli formulları müzakirə olundu. Daha sonra Ərdoğan–Putin, Putin-Sarkisyan görüşündə məsələ gündəmə gəldi. Beləliklə, işğal altında olan Azərbaycan torpaqlarının mərhələli şəkildə geri qaytarılacağı ehtimalı özünü doğruldur.

Politoloq hesab edir ki, əgər bu baş tutarsa, Qafqazın təhlükəsizliyini təhdid edən Azərbaycan-Ermənistan münaqişəsinin həll olunması təmin ediləcək, Gürcüstan ilə Rusiya arasında da bir yaxınlaşma imkanı ortaya çıxacaq: "Bundan başqa, bu proseslərin bitməsindən sonra Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və bölgədə yekdil şəkildə yeni iqtisadi-strateji birlik yaradılması hədəflənir.

Rusiya Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllnə nail olmasa, "Şimal-Cənub" dəmiryolu xətti ilə bağlı inkişafın iflasa uğrayacağını bilir. Son bir ayda Ermənistanda meydana gələn üsyan xarakterli qarşıdurmalar bölgədə bir təxribatların olması ilə bağlı Rusiyanın narahatlığını artırır. Rusiya Azərbaycan ilə başlayan Ermənistan barışına Türkiyə ilə nöqtə qoyaraq bölgədə Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran təhlükəsizlik xəttini qurmaq istəyir. Bu hədəf heç də uzaq bir ehtimal olaraq görünmür. Çünki Türkiyə də bu hədəfi güclü şəkildə dəstəkləyir. Yeni proses ilə həm Rusiya, həm də Türkiyə, Avropa Birliyi, NATO və ABŞ-a "biz güclüyük və lazım olduğunda sizə qarşı alternativ birlik də yarada bilirik" mesajı verdilər. Ərdoğan Putinlə çiyin-çiyinə verərək bütün planları hələlik alt-üst etdilər. Bu yeni dövrün yalnız iqtisadi əlaqələrlə qalacağını düşünənlər yanılırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə