Aydın Mirzəzadə: “Ermənistan ağır vəziyyətdədir”

Aydın Mirzəzadə: “Ermənistan ağır vəziyyətdədir”

Bu gün Ermənistanda cərəyan edən hadisələrin kökü daha əvvələ gedib çıxır. Bu hadisələr Ermənistanın birinci prezidenti Levon Ter- Petrosyanın dövründən dövlətçilik siyasətinin düzgün aparılmaması ilə bağlıdır.

Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Türkiyəyə qarşı ərazi iddiası Ermənistanı izolyasiya şəraitinə salıb:

"Bu gün Ermənistanın iqtisadiyyatını inkişaf etdirən bir faktor yoxdur, xaricdən investisiya qoymaq istəyən də tapılmır. Bu ona gətirib çıxarır ki, Dağlıq Qarabağ problemi onun boynundan ağır bir yük kimi asılıb. Buna görə də hərbi büdcəsini daim yüksək səviyydə saxlamağa məcburdur, əhalinin sosial problemləri isə günbəgün artır. Bu baxımdan da vaxtaşırı Ermənistanda durum sosial partlayış vəziyyətinə qədər gəlib çatır".

Millət vəkili hesab edir ki, iyul ayında bir polis məntəqəsini tutan terrorçulara qarşı prezident Serj Sarkisyanın güc tətbiq etməməsi ilk növbədə onun sosial partlayışdan qorxması ilə bağlıdır:

"Ermənistan bu gün özünün çox ağır bir vəziyyətini yaşayır və Sarkisyan vəziyyətdən çıxış yolunu ancaq Dağlıq Qarabağ mövzusunu tez-tez gündəmə gətirməklə, milli təəsübkeşlik hissində oynamaqla görür. Ancaq real vəziyyət situasiyanın həllini tələb edir. Ermənistanın Azərbaycanla hərbi yarışmada uduzduğu və ikinci dəfə aprel hadisələri təkrarlanarsa, artıq işğal edilmiş torpaqları tamamilə itirəcəyi aydındır. Eyni zamanda ölkənin sosial iqtisadi vəziyyətinin ağırlığı istənilən an insanların ayağa qalxaraq indiki rejimi devirəcəyi variantına gətirib çıxarır".

A.Mirzəzadənin fikrincə, Sarkisyanın Moskvaya səfəri əslində ordan növbəti yardımlar istəməsi ilə bağlıdır:

"Ermənistan bu gün regionda hər hansı bir məsələni həll etmək iqtidarında deyil, işğal edilmiş torpaqları nəzarətində saxlamaqla vəziyyətini daha da ağırlaşdırır. Onun vəziyyəti uzatması isə həm cəmiyyətdə gərginliyin artmasına, eyni zamanda Sarkisyan komandasının tezliklə hakimiyyətdən getməsini surətləndirir. Aydın məsələdir ki, gələn il keçiriləcək parlament seçkilərində Sarkisyanın komandasının qələbə çalmaq şansları həddindən artıq azdır. Amma iş burasındadır ki, Ermənistanda bu gün səmərəli bir alternariv də ortada yoxdur. Ermənistan cəmiyyəti yüz illərdir qatı millətçilik ab-havası ilə formalaşıb. Hətta Sarkisyanın yerinə gələcək yeni komandanın Ermənistanın problemlərini sivil şəkildə, müasir bir düşüncə ilə həll etmək iqtidarında olacağl inandırıcı görünmür".

Bütün xəbərlər Facebook səhifəmizdə