Azərbaycan Respublikasının konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə bu ilin sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Milli Məclisin mətbəəsində səsvermə bülletenlərinin çapına başlanılıb. SİA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Komissiyanın üzvləri səsvermə bülletenlərinin çap olunması prosesi ilə yaxından tanış olublar.
Daha sonra jurnalistlərə açıqlama verən sədr Məzahir Pənahov deyib ki, referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK tərəfindən müəyyənləşdirilib və 5 milyon 280 min 924 bülletenin çap olunması qərara alınıb.
MSK sədri bildirib ki, səsvermə bülletenləri çap olunaraq qanunvericiliklə müəyyən olunan qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.
O əlavə edib ki, səsvermə bülletenləri ilkin olaraq ucqar dairələrə göndəriləcək: "Birinci mərhələdə isə təbii ki, Naxçıvan Muxtar Respublikana veriləcək. Daha sonra isə digər ərazilərə çatdırılacaq. Ən sonda Bakı ətrafı və paytaxtdakı seçki dairələrinə paylanılacaq".
Qeyd edək ki, bülletenlərin çapı prosesinin mühafizəsini Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB