Arzu Nağıyev: "Belə bir şəraitdə danışığa getmək çox çətindir" MÜSAHİBƏ - SƏS TV

Arzu Nağıyev: "Belə bir şəraitdə danışığa getmək çox çətindir" MÜSAHİBƏ - SƏS TV

Siyasi şərhçi Arzu Nağıyevin SİA-ya müsahibəsi

- Avqustun 8-də Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilərmi?

- Rusiya prezidentinin Azərbaycana səfəri önəmlidir. Bildiyiniz kimi Rusiya-Türkiyə münasibətləri arasında gərginlik pik nöqtəsinə çatımışdı. Bu məsələlərdə məhz bu iki dövlətin bir-birinə yaxınlaşmasında Azərbaycanın vasitəçi rolu danılmazdır. Rusiya prezidenti Vladimir Putinin də bu məsələlər bağlı ölkəmizə səfər edib ölkə başçısı ilə görüşməsi də önəmli haldır. Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə məlumdur ki, regionda bununla bağlı nüfuz savaşı gedir. Bir müddət bundan öncə, ABŞ-da məsələnin həllində çox təşəbbüs göstərdi, lakin Rusiya bu təşəbbüsü prezidentlərin Vyana, Sankt-Peterburq görüşündən sonra ələ aldı. Rusiya Ermənistana təsir etmək qüvvəsinə malik olmaqla yanaşı həm də bir sıra müqavilələrdə eyni blokdan çıxış edir. Bundan başqa düşmən ölkənin iqtisadiyyatı Rusiyadan asılıdır. Bu baxımdan düşünürəm ki, Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri ola bilər. Rusiya həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Belə olan halda, onun həmsədr ölkənin prezidenti kimi mövqeyi də çox önəmlidir. Ümumiyyətlə, Vladimir Putinin regionda baş verən proseslərdən, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin necə tənzimlənməsindən xəbəri var. Düşünürəm ki, bu məsələ səfər zamanı əsas müzakirə mövzusu olacaq.

- İddialara görə, avqustun 8-də Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçiriləcəyi üçtərəfli görüşü daha çox iqtisadi məsələlərin müzakirəsinə həsr olunacaq. Yəni siyasi məsələlərin müzakirəsi aktuallıq təşkil etməyəcək?

- Müzakirələrdə siyasi mövzuların yer almaması mümkünsüzdür. Çünki İran qonşu dövlətdir və regionda baş verən hadisələr ona da təsir göstərir. Bu baxımdan düşünmürəm ki, danışıqlar masasında istər Dağlıq Qarabağ problemi, istərsə də regionda gedən digər siyasi proseslər öz əksini tapmasın. Təbii ki, bu gün Azərbaycanla İran arasında olan iqtisadi, Cənub-Şimal Dəhlizinin yaradılması, eyni zamanda Rusiyanın İranla enerji ötürücüləri ilə bağlı bağladıqları müqavilələr, dəmiryolunun çəkilişi, İran-Azərbaycan arasında "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının tikintisi, eləcə də digər məsələlər daha mühümdür. Müzakirələr zamanı iqtisadi məsələlərə daha çox yer ayrıla bilər, amma siyasi mövzuları ətrafında fikir mübadiləsinin aparılması istisna deyil.

- Bu ay Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin görüşü olacaq. Bu görüşdən münaqişənin həlli ilə bağlı nə isə gözləməyə dəyərmi?

- Ümumiyyətlə, bu formatlı görüşlərin keçirilməsi müsbət haldır. Sözügedən görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri olan Fransa, Rusiya, Amerika nümayəndələrinin, xarici işlər nazirlərinin, eləcə də ABŞ dövlət katibin də iştirakı nəzərdə tutulub. Bu, çox müsbət haldır və artıq münaqişənin dalandan çıxmaq yolunu axtarıb tapmağın zamanıdır. ATƏT-in Minsk qrupunun problemin həlli ilə bağlı bu günə qədər verdiyi bəyanatlar deklorativ xarakter daşıyırdısa, artıq münaqişənin həlli istiqamətində konkret addımlar atılmalıdır. Ortada Madrid prinsipləri, Kazan protokolları var. Bu gün əsas Azərbaycanın ərazi bütövlüyüdür və yalnız bundan sonra hər hansı bir millətin öz müqəddəratını həll edilməsi istiqamətində müəyyən addımlar atıla bilər. Status məsələsi torpaqlarımız tam azad edildikdən sonra müzakirə edilə bilər. Hazırda şərt qoyan tərəf Azərbaycandır və bizim istəyimiz ərazi bütövlüyümüzün təmin edilməsidir. Baxmayaraq ki, Ermənistan hər hansı vəchlə "status-kvo"nu saxlamağa çalışacaq. Lakin düşünürəm ki, avqust ayında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə bununla bağlı müvafiq addımlar atıla bilər.

- Ermənistan prezidenti Serj Sarkisyan məlum hadisələrdən sonra ictimaiyyət qarşısında çıxışında Dağlıq Qarabağın heç zaman Azərbaycana verilməyəcəyini bəyan edib. Bu fikirlərin fonunda sülh danışıqlarına ümid etmək olarmı?

- Sarkisyan bundan öncə KİV-lərə verdiyi müsahibəsində bu cür çıxışlar edərək bildirmişdi ki, Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq. Sarkisyan Ermənistandakı son hadisələrdən sonra yenə bu cür sərsəm bəyanatla çıxış edib. Buna səbəb Sarkisyanın səhra komandiri olaraq hakimiyyətə Dağlıq Qarabağ münaqişəsi üzərindən gəlməsidir. Bunun kökündə duran əsas məsələ də onun Dağlıq Qarabağ separatçılarına müstəqilliklə bağlı söz verməsidir. Sarkisyan hər bir vəchlə öz hakimiyyətini uzatmaq, 2017- 2018-ci illərdə hakimiyyəti kiməsə ötürməklə şou yaratmaq istəyir. Bu gün bütün dünya, eləcə də BMT, ATƏT Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi tanıyır. Bu, beynəlxalq sənədlərdə də öz əksini tapıb. Ona görə də Sarkisyanın Dağlıq Qarabağın Azərbaycanın olmadığını deməsi absurddur. Belə bir şəraitdə hər hansı danışığa getmək, hər hansı bir problemi həll etmək çox çətindir. Buna görə istər ATƏT, istər BMT, istər digər qurumlar, ən əsas da Rusiya Ermənistana təsir etməlidir. Yalnız bundan sonra danışıqların müsbət məcraya yönəlməsi haqqında fikir söyləmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə