Referendum üzrə ilkin təşəbbüs qrupları yaradılır FOTOLAR

Referendum üzrə ilkin təşəbbüs qrupları yaradılır FOTOLAR

Ağsu

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının qərargahında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı yığıncaq keçirilib. Yığıncaqda çıxış edən YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı barədə fikirlərini bildirib.

Tədbirdə çıxış edən Ağsu rayon Ağsaqqalar Şurasının sədri Camaləddin Zeynalov, rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasi və digərləri sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılacaq dəyişikliklərlə bağlı fikirlərini bildiriblər.

Yığıncağın sonunda 55 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb və onlardan 5 nəfəri yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndə seçilib.

Goranboy

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının qərargahında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib. Tədbirdə çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov sentyabrın 26-da keçiriləcək Referendumla bağlı məlumat verib. E.İsmayılov bildirib ki, müzakirəyə çıxarılan konstitusiyaya dəyişikliklərə dair layihədə insan hüquq və azadlıqlarının qorunması, idarəetmə sisteminin təkmilləşdirilməsi, informasiya təhlükəsizliyi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ öz əksini tapıb.

Tədbirdə YAP Goranboy rayon təşkilatının idarə heyətinin üzvü Əzra Həşimova, rayon təşkilatının və rayon ağsaqallar şurasının üzvü Rəddin Məmmədov çıxış edərək, bildiriblər ki, konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı öz fikir və mülahizələrini bildiriblər.

Sonda 63 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb və onlardan 6 nəfəri yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndə seçilib.

Qusar

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının qərargahında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib.

Yığıncağı giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərə nəzər salaraq, bunun zəruri olduğunu vurğulayıb. O, qeyd edib ki, Referenduma çıxarılan məsələlər dövlətin və cəmiyyətin ən mühüm sahələrini əhatə edir: "Bu məsələlər xalqın mövqeyini öyrənmək, dəstəyini almaq üçün ümumxalq səsverməsinə (Referenduma) çıxarılır. Əlavə və dəyişikliklər ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi və s. zərurətindən, bütövlükdə, Azərbaycan xalqının mənafeyinin qorunmasından irəli gəlir".

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Azər Badamov bildirib ki, bu gün xalqımız Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət xəttini birmənalı şəkildə müdafiə edir. Yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupunun aparacağı işlərin uğurlu nəticə verəcəyini bildirən millət vəkili, ölkəmizin hər yerində olduğu kimi, Qusar rayon seçicilərinin də konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə müsbət yanaşacaqlarını ifadə edib.

Yığıncaqda 54 nəfərdən ibarət ilk təşəbbüs qrupu yaradılıb. Həmçinin yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfər nümayəndə müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə