Politoloq: “Paris görüşündə ilkin addım atıla bilər” MÜNASİBƏT

Politoloq: “Paris görüşündə ilkin addım atıla bilər” MÜNASİBƏT

"Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan növbəti görüşündə münaqişənin həlli istiqamətində ilkin addım atıla bilər". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, qısa müddət ərzində prezidentlərin üçüncü görüşünün keçirilməsi əsas diqqət çəkən məqamlardan biridir: "Aprel döyüşlərindən sonra ölkə başçılarının Vyanada və Sankt-Peterburqda görüşü keçirildi və hazırda da üçüncü görüşə hazırlıq prosesi gedir. Bu, münaqişənin tənzimlənməsi prosesində real dinamikliyin göstəricisidir. Artıq beynəlxalq güclər, xüsusilə də münaqişənin tənzimlənməsində vasitəçi qismində iştirak edən tərəflər də problemin həllinin vacibliyini daha aydın dərk etməyə başlayıblar. Bundan başqa, ATƏT-in Minsk qrupunun ayrı-ayrı həmsədr ölkələri prosesin içərisində olduğunu nümayiş etdirməyə çalışırlar. Belə ki, Sankt-Peterburqdakı görüşün Rusiyanın, növbəti görüşün isə Parisdə keçirilməsi göstərir ki, həm Rusiya, həm Fransa proseslər də fəal olduğunu göstərmək istəyir. Hətta bir müddət öncə prezidentlərin növbəti görüşünün ABŞ-da keçirilməsi məsələsi də müzakirə obyekti idi".

Politoloq qeyd edib ki, problemin həlli ilə bağlı dinamiklik Azərbaycanın maraqlarına cavab verir: "Ümumiyyətlə, münaqişənin həlli istiqamətindəki aktivliyi alqışlamaq lazımdır. Əgər belə davam etsə, o zaman problemin həllində müəyyən addım atıla bilər. Bildiyiniz kimi Rusiyanın ciddi şəkildə dəstəklədiyi Kazan prinsipləri ilə Madrid Prinsiplərini birləşdirən ortaq məqamları var və düşünrəm ki, bundan çıxış etməklə problemin həlli istiqamətində ilkin addım atıla bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə