Bu gün Mərkəzi Seçki Komissiyasının iclası (MSK) keçirilib. SİA-nın xəbərinə görə, iclasda iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə dairə seçki komissiyası (DSK) protokolunun və ona əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunların dair protokolun tərtibi məsələsini müzakirəyə çıxarıb.
Məsələ haqqında məlumat verən MSK katibi Arifə Muxtarova deyib ki, MSK DSK protokolu və ona əlavə edilmiş sənədlərin yoxlayıb və seçkilər Seçki Məcəlləsinə uyğun keçirilib.
Müzakirələr zamanı keçirilən seçkilərlə bağlı fikirlərini bildirən MSK üzvü Şaiddin Əliyev söyləyib ki, seçkilər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyası tərəfindən izlənib, şəffaf və demokratik keçib.
Onun sölərinə görə, 90 saylı dairədəki 40 məntəqənin 10-da veb-kamera qurulub: "Veb-kameralara baxan zaman seçkinin nəticələrinə təsir etmək cəhdlərinin olduğu aydın görünürdü. Ancaq məntəqə seçki komissiyalarının üzvləri o şəxslərlə sakit, səbrlə danışıb, hər şeyi izah edirdilər. Seçkidə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov qalib gəldi. Onu təbrik edir, protokolun təsdiq edilməsini təklif edirəm".
MSK sədri Məzahir Pənahov da çıxışında 90 saylı Ağdaş seçki dairəsində 40203 seçici olduğunu, seçki məntəqələrinin vaxtında açılıb, bağlandığını bildirib.
"Seçkinin ilkin nəticələri elə həmin gün açıqlanmışdı. Seçkini 700-dən çox müşahidəçi izləyib. Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri gün ərzində bizimlə əlaqə saxlayır, həm də KİV-lərə müsahibə verirdilər. Onlar seçkinin yüksək səviyyədə təşkil edildiyini, şəffaf keçirildiyini xüsusi qeyd edirdilər. Müşahidəçilərdən də bizə müraciət daxil olmayıb. Seçkilərlə əlaqədar məhkəmələrə də müraciət olmayıb. Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır. Ancaq bu durumda biz 20 gün gözləməyə ehtiyac görmədik"- deyə, MSK sədri qeyd edib.
İclasda MSK iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolu və ona əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. MSK-nın yekun protokoluna əsasən 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə bu dairədə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov deputat seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB