Jurnalistlər mükafatlandırılıb

Jurnalistlər mükafatlandırılıb

Bu gün Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Azərbaycan Mətbuat Şurasının elan etdiyi "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi" mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi yazı müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ATXƏM İctimai Birliyinin sədri İlham İsmayılov, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri iştirak edib.

ATXƏM İctimai Birliyinin sədri İlham İsmayılov müstəqil respublikamızda aparılan ordu quruculuğu prosesindən söhbət açıb. Bildirib ki, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev bütün həyatı boyu öz xalqına xidmət göstərməyi ömrünün başlıca qayəsi hesab edib, Vətənə, xalqa, dövlətə sədaqətlə və yorulmaz xidmətin müstəsna nümunəsini yaradıb. O, Azərbaycana rəhbərliyinin hər iki dövründə özünün mükəmməl dövlətçilik konsepsiyasını həyata keçirərkən milli hərbçi kadr potensialının yaradılmasına, milli ordu quruculuğuna xüsusi diqqət yetirib.

Sonra birlik sədri bildirib ki, müsabiqədə ümumilikdə 16 nəfər qalib gəlib, 2 quruma isə xüsusi mükafat müəyyənləşdirilib.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qalibləri təbrik edərək bu cür müsabiqələrin mütəmadi təşkil olunacağını diqqətə çatdırıb. Aprel hadisələrinə də toxunan Ə.Amaşov bildirdi ki, Azərbaycan Ordusu döyüşən ordu kimi özünü birdaha göstərdi: "Aprel hadisələri zamanı Azərbaycan ordusu qarşısına qoyulan tapşırıqları yerinə yetirdi, müvafiq olaraq yüksəkliklərin müdafiəsində erməni ordusu qarşısına qoyulan tapşırığı yerinə yetirə bilmədi".

Çıxışlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə