Deputatlardan İrana qarşı TƏNQİD

Deputatlardan İrana qarşı TƏNQİD

Milli Məclisin bugünkü iclasında Azərbaycanla İran arasında imzalanan sənədlərin müzakirəsi zamanı millət vəkilləri arasında fikir ayrılığı olub. SİA-nın xəbərinə görə, müzakirələr zamanı "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisini ilə bağlı sazişlə əlaqədar fikrini bildirən millət vəkili Zahid Oruc qeyd edib ki, 1990-cı illərdə İran bu layihəni Ermənistanla keçirmək istəyirdi, lakin Ulu Öndər Heydər Əliyev o zaman bu məsələyə sərt reaksiya vermişdi.

İran və Ermənistan arasında münasibətlərə toxunan Z. Oruc sözügedən ölkələr arasında viza rejiminin ləğvi və İran prezidenti Həsən Ruhaninin avqust ayında Ermənistana səfəri ilə bağlı fikirlərini dilə gətirib. Millət vəkili söyləyib ki, İran Azərbaycan torpaqlarının işğalına Fələstin məsələsinə olan münasibətini göstərmir.

Millət vəkili Fazil Mustafa bildirib ki, saziş təsdiqləndikdən İrana Azərbaycan torpaqlarının işğaldan azad edilməsində birgə iştir etməlidir: "İran tarix boyu Azərbaycanın müstəqilliyində, möhkəmlənməsində maraqlı olmayıb. 1918-ci ildə Azərbaycan müstəqillik əldə edəndə də İran Azərbaycan adına qarşı çıxaraq, müstəqilliyimizi tanımayıb. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Lakin İranın Ermənistanla əməkdaşlığı, hətta silah-sursat verməsi bu ölkənin öz tarixində qara ləkə kimi qalacaq".

Millət vəkillərinin fikirlərinə münasibət bildirən Oqtay Əsədov qeyd edib ki, İranla bağlı bəzi məsələlər həllini tapmaldır: "Lakin İran parlamentində Azərbaycanla bağlı bu cür çıxış etmirlər. Məsələlərin öz həlli yolu var. Bu sazişlərin təsdiq edilməsi də bununla bağlıdır".

Millət vəkili Qüdrət Həsənquliyev vurğulayıb ki, İran Azərbaycanın torpaqlarını işğal edən Ermənistanı ən yaxın müttəfiq adlandırır: "Bu gün İran rəhbərliyinin Azərbaycana qarşı yürütdüyü siyasət dost siyasəti deyil. Əslində Azərbaycanla dostluq münasibətləri İranda sabitliyə, regionun inkişafına xidmət edən amildir. İran orada yaşayan 30 milyon azərbaycanlının milli kimliyinə hörmət etməyəcəksə, bunun acı nəticəsini görəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə