Milli Məclisin növbədənkənar iclası davam edir. SİA-nın xəbərinə görə, iclasda "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb. Layihə haqqında Milli Məclisin Təbii Ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib.
Sazişinin hər iki ölkənin iqtisadi və siyasi inkişafında mühüm rol oynayacağını dilə gətirən komitə sədri söyləyib ki, sənədə əsasən hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində "Xudafərin" və "Qız Qalası" qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcəklər.
Onun sözlərinə görə, İran tərəfi hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini bu saziş əsasında aparacaq: "Tərəflərin "Xudafərin" və "Qız Qalası" qalası hidroqovşaqlarının su ehtiyatlarından istifadə etməsi bərabərlik prinsipi əsasında həyata keçiriləcək və hər bir tərəfin su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi həmin ölkəyə məxsus olacaq. Azərbaycana məxsus "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək qarşılıqlı razılaşma əsasında yalnız İran ərazisində istifadə edilə bilər. Azərbaycan tərəfi bu su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini qarşılıqlı razılaşma əsasında tranzit ötürmək hüququna malikdir. Hər ilin sonunda Azərbaycan tərəfinin enerji payı Birgə Texniki Komissiya tərəfindən müəyyən olunacaq və tariflərin razılaşdırılması yolu ilə hesablaşma aparılacaq".
Saziş müzakirə edildikdən sonra qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB