“Almaniya obyektivdirsə Xocalı soyqırımına da qiymət versin” AÇIQLAMA

“Almaniya obyektivdirsə Xocalı soyqırımına da qiymət versin” AÇIQLAMA

"Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı Bundestaq və Dostluq Qrupunun üzvləri ilə görüşdən imtina etməsi gözlənilən idi. Çünki səfərə bir neçə gün qalmış Alman Bundestaqı tərəfindən türklərə qarşı haqsız addım atmışdı". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin bu addımı Alman Bundestaqının qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz idi: "Dövlət başçısı İlham Əliyev çıxışları zamanı Azərbaycan və Türkiyənin strateji müttəfiq olmaqla yanaşı, iki qardaş ölkə olmasını və hər zaman Türkiyənin yanında olduğumuzu vurğulayır. Almaniya qondarma "soyqırımı" tanıya biləcək son ölkədir. Yaxşısı budur öz tarixinə baxsın. Söhbət təbii ki, həm Türkiyəyə qarşı gedən təzyiqlərdən, həm də xristian həmrəyliyindən gedir. Əgər Almaniya belə obyektivdirsə, o zaman Xocalı soyqırımına da qiymət versin. Qondarma "soyqırım" əgər 100 il əvvəl baş veribsə, Xocalıdakı hadisələr cəmi 24 il əvvəl törədilib".

Prezidentin Almaniyanın Kansleri Angela Merkellə görüşünə gəldikdə politoloq söyləyib ki, Avropanın ən güclü siyasi və iqtisadi mərkəzininin hökumət başçısı ilə görüş indiki durumda vacib idi: "Cənab Prezident Berlindən bütün Avropaya mesaj etdi. Görüşlər zamanı Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rola diqqət çəkildi. Enerji sektorunda alternativliyi qorumaq üçün Avropanın mütləq Azərbaycana ehtiyacı var. "Cənub Qaz Dəhlizi" layihəsinin üstünlüyü təkcə marşrutların deyil, həm də tədarük mənbələrinin şaxələndirilməsi imkanıdır. Hər iki tərəf Azərbaycan qazının Avropaya nəqlində maraqlıdır, lakin təəssüf ki, Qərb imkanlarından lazımınca istifadə etmir".

"Azərbaycan Prezidenti Berlindən həm də Dağlıq Qarabağla bağlı mühüm mesajlar verdi. Azərbaycan Prezidenti aprel döyüşlərindən danışarkən, A.Merkelə və bütün dünya ictimaiyyətinə çatdırmaq istədi ki, qoşunların təmas xəttində vəziyyət çox kövrəkdir və istənilən halda münaqişə aktiv hərbi mərhələyə keçə bilər. Cənab Prezident, Azərbaycan ordusunun aprelin əvvəlində uğurlu hərbi əməliyyat keçirdiyini bildirməklə, demək istədi ki, əgər dünya ictimaiyyəti Ermənistanı güzəştlərə vadar etməsə, o zaman aprel hadisələri təkrarlana bilər"- deyə Z.Məmmədov qeyd edib.

Politoloq əlavə edib ki, ümumiyyətlə, Almaniya və Qərb ölkələri keçmiş Postsovet ölkələri ilə münasibətlərində qətiyyətsizlik nümayiş etdirirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə