"Avropa Şurasının baş elmi işçiləri, politoloqların Rusiya eləcə də region üçün verdikləri proqnozda qərəzli məqamlar var". Bu fikirləri SİA-ya Siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi analitik Zaur Məmmədov sözügedən proqnozu şərh edərkən deyib.
Onun sözlərinə görə, müəlliflər 2030-cu ilə qədər Rusiyada elə də böyük dəyişikliklərin olmayacağını bildirirlər: "İqtisadi və demoqrafik vəziyyətin cüzi dəyişəcəyini bildirən analitiklər, çox güman ki, Rusiya prezidenti Vladimir Putinin o vaxta qədər hakimiyyətdən gedəcəyinə dair proqnoz verirlər. Görünür, müəlliflər əhalinin sayına diqqət yetirsələr də, say tərkibindəki dini və etnik amilləri nəzərə almayıblar. Ukrayna hadisələrindən sonra istər Azərbaycanda, istərsə də dünyanın digər ölkələrində III dünya müharibəsinin olacağı haqqında tez-tez fikirlər səslənsə də, proqnozu hazırlayan politoloqlar məsələyə nikbin yanaşıblar. Onların fikrincə irimiqyaslı müharibələr olmayacaq. Rusiyanın sərt xarici siyasət yürütməkdə əsas məqsədi ölkəni dünyada hegemon obraza çevirmək, öz maraqlarının aparıcı dövlətlər tərəfindən nəzərə alınmasına təhrikidir. Müəlliflər Rusiyanın xarici siyasətdə sərtliyinin digər səbəbini Putin hakimiyyətinin daxili siyasi kontekstdə yeni legitimliyində görürlər. Lakin Putinin hakimiyyətini legitim edən iqtisadi inkişaf artıq geridədir və əvvəlki kimi intensiv olmayacaq".
"Müəlliflər Qərb ölkələrini Şərqi Avropaya qarşı daha diqqətli olmağa səsləyirlər. Onların fikrincə Ukrayna, Gürcüstan, Moldova üçün əsas Rusiyaya qarşı çıxış etmək deyil, öz siyasətlərində tutduqları Qərbyönlü sistemli islahatları davam etdirməkdir. Təbii ki, müəlliflər haqlıdırlar. Rəngli inqilabların olmasından sonra Ukraynada, Gürcüstanda hakim dairələr Rusiya obrazından istifadə edib hakimiyyətə gəlsələr də, real islahatlar həyata keçirməyiblər. Lakin orada bəzi məqamlar var ki, təbii ki onlarla razılaşmaq qeyri-mümkündür. Misal üçün politoloqlar Azərbaycan, Ermənistan və Belarusu Rusiyadan yetərli dərəcədə asılı dövlətlər kimi xarakterizə ediblər. Əgər son iki dövlət doğurdan da istər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən tamamilə Rusiyadan asılı olsalar da, bu qrupa Azərbaycanın adının daxil edilməsi doğru deyildir. Azərbaycan kifayət qədər hərbi, siyasi, iqtisadi müstəqilliyə malikdir və yuxarıda sadalanan ölkələrdən fərqli olaraq çox vektorlu xarici siyasət yürüdür, xarici və daxili siyasətində sərbəstdir. Avropanın enerji təhlükəsizliyində Azərbaycan hakimiyyətinin atdığı qətiyyətli addımları da unutmaq olmaz. Geosiyasi durumuna görə Azərbaycan beynəlxalq münasibətlərin tam hüquqlu subyekti olub və təqdiredici haldır ki, ölkəmiz qətiyyətli, sistemli xarici siyasət yürüdür. Proqnozda Rusiyanın daxilində yaşayan müsəlman və türk faktoruna toxunulmayıb. Belə ki, 2030-a qədər Rusiyada müsəlman faktoru daha qabarıq şəkildə özünü göstərəcək. Get-gedə islam dininə qulluq edənlərin sayının artması, etnik rusların azalması, ölkədə radikal dini cərəyanların yayılması Rusiya təhlükəsizliyi üçün təhdiddir"- deyə, Z. Məmmədov qeyd edib.
Siyasi analitikin fikrincə, proqnozun bitərəfliyi özünü Çin-Rusiya münasibətlərinə toxunulmamasında da göstərir: "Əslində 2030-cu ilə qədər Rusiya ilə Qərb arasında mülayim siyasətin şahidi olacağıq. Hər iki tərəf birləşərək türk-müsəlman məsələsi ilə məşğul olacaqlar. Ümumiyyətlə Rusiya üçün başlıca təhdid Qərb deyil, Çindir. Hər iki qütb arasında baş verən hadisələrin qurbanları isə üçüncü dövlətlərdir".
Məlumat üçün bildirək ki, Avropa Şurasının baş elmi işçiləri, politoloqlar Fredrik Wesslau və Andrew Wilson "Russia 2030: A story of great power dreams and small victorious wars" adlı proqnoz ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB