Dövlət başçısı: "Almaniya Bundestaqının qərarı siyasi sifarişdir"

Dövlət başçısı: "Almaniya Bundestaqının qərarı siyasi sifarişdir"

"Azərbaycan Almaniya Bundestaqı tərəfindən qondarma "erməni soyqırımı" ilə bağlı qəbul edilən, yalan üzərində qurulan qətnaməni pisləyir. Bu, ədalətsizlik, ikili standart, tarixin təhrif edilməsidir. Biz buna dözə bilmərik və dözmürük". SİA-nın xəbərinə görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla geniştərkibli görüşdən sonra keçirilən mətbuat konfransında Azərrbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı qeyd edib ki, Almaniya Bundestaqının qərarı siyasi sifarişdir: "Yəqin Türkiyənii nəyəsə məcbur etmək, onun həyata keçirdiyi müstəqil siyasətinə təsir etmək istəyirlər. Erməni məsələsi böyük dövlətlərin əlində alətə çevrilib. Azərbaycan da ötən il oxşar vəziyyətlə üzləşdi. Belə ki, ötən ilin iyunun 12-də Almaniya parlamenti Azərbaycana qarşı ədalətsiz, yalana əsaslanan qətnamə qəbul edərək bildirdi ki, guya Azərbaycanda insan haqları pozulur. Amma bu, yalandır. Çünki, ölkəmizdə demokratiya inkişaf edir, azad internet və sərbəst toplaşma azadlığı var. Sözügedən qətnamə ötən il ölkəmizdə keçirilən Birinci Avropa Oyunlarının açlışı günü Almaniya parlamenti tərəfindən qəbul edilmişdi. Azərbaycan və Türkiyəyə qarşı bu qətnamələri qəbul edənlər böyük tarixi və siyasi səhv buraxdılar. Bizə qarşı aparılan təxribatlar göstərdi ki, biz ancaq birlikdə güclü ola bilərik. Türkiyə və Azərbaycan birliyi faktordur, bu faktoru heç kim inkar edə bilməz".

Azərbaycan və Türkiyənin birgə layihələr həyata keçirdiyini dilə gətirən Prezident İlham Əliyev söyləyib ki, əgər biz TANAP-la bağlı məsuliyyəti öz üzərimizə götürməsəydik, enerji məsələsi bu gün də müzakirə mövzusu olacaqdı: "Lakin indi 45 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsi icra edilir. Cənub Qaz Dəhlizi layihəsi bölgəyə sabitlik gətirəcək. Həyata keçirdiyimiz birgə layihələr həm bizi, həm də bölgəni gücləndirir. Biz birliyimizi gücləndirəcəyik. Türkiyənin gücü bizim gücümüzdür, birliyimizi gücləndirəcəyik".

Bu gün Bakıda Dünya Azərbaycanlılarının 4-cü Qurultayının keçirildiyini xatırladan Dövlət Başçısı söyləyib ki, Azərbaycanın diaspor təşkilatlarına daim Türkiyə diaspor təşkilatları ilə birgə fəaliyyət göstərmələri ilə bağlı təlimat verilib: "Biz bölgədə və dünyada birlik ortaya qoymalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə