Ekspert: "Bütün cəbhəboyu müşahidə kameraları quraşdırılacaq" MÜNASİBƏT
Vyana görüşü artıq tarixin yaddaşına həkk oldu. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş demək olar ki, əvvəlki görüşlər kimi Qarabağdan daha çox ATƏT-ə və onun bivec "sülhyaratma missiyasına" xeyir gətirdi. Sözsüz ki, çətin durumda olan Ermənistanın cinayətkar və sapdan asılı qalan prezidenti Serj Sarkisyanı Rusiya çox böyük ustalıqla və məharətlə xilas etdi. Bundan əlavə, yenə Qarabağ hesabına kişi olub öz ailə-uşaqlarını dolandıran, keyf edən "üç bacılar"ın dəstəsinə hazıryeyən bir xeyli "kameragüdənlər" də qatılacaq. Axı bu "ağıllı diplomatlar" qoşunların təmas xəttində vəziyyətə nəzarət etmək üçün yeni "kəşf" icad ediblər. Bütün cəbhəboyu müşahidə kameraları quraşdırılacaq". Bunu SİA-ya hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ekspertin sözlərinə görə, bu kameraları izləmək üçün də qərara alınıb ki, bir sürü təzə xarici avara dəstəsi təşkil olunsun: "Onlar da dünyanı gəzib dolaşan digər avara diplomatlar kimi sadəcə yeyib-yatmaqla öz günlərini keçirəcəklər. Görünən odur ki, Qarabağ məsələsinin tam həlli yəqin ki bir xeyli sonraya qaldı. Vyanadan bizə verilən görüntülərdə Ermənistan prezidentinin sağ tərəfində lövbər salmış Rusiya xarici işlər naziri Sergey Lavrovun necə "dişlərini ağartması" və öz əlaltısı Serj Sarkisyanla necə xısın-xısın gülümsəməsi onu deməyə əsas verir ki bu "tülkülər" öz məqsədlərinə demək olar ki tam şəkildə nail olublar.
Əvvəllər bu xaricilərin - BMT, ATƏT və digər irili-xırdalı qurumların öz pulunun, hər qəpiyinin qədrini bilən, loru dillə desək, qənaətcil, xəsis, çox simic bir toplum kimi təsəvvür edirdim. Sən demə, bunların o sarıdan heç düz-əməlli "ağlı" da yox imiş. Guya bu günə kimi ATƏT-in Minsk qrupu hansı qələti yapmışdı ki, bunlar bundan sonra hansısa nəticələr ortalığa qoysunlar? Ermənistana açıq havadarlıq edən Rusiya tərəfi bizə iyun ayında guya hansısa məsələlərin müzakirirəyə çıxarılacağını bəyan edir. Bəri başdan deyirəm ki, boş və hiyləgərcəsinə düşünülmüş planın tərkib hissəsidir. Siz görüşlə bağlı yaylan bəyanata diqqət edin. Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz?! Bəlkə bunlar özlərini çox ağıllı hesab edirlər, amma məncə bunlar çox yanılırlar. Sülh yolu ilə həll edə bilmirsinizsə, bunun başqa yolunun adı nədir? Bəlkə erməniləri musiqi ilə, çal-çağır ilə işğalçılıq niyyətlərindən çəkindirmək mümkündür? Desinlər, biz də artıq-əksik danışmayaq, heç nə deməyək".
Ü.Cəfərov əlavə edib ki, Rusiya rəhbərliyi yenə çox böyük riyakarlıq edərək bizə sayğısızlıq, hətta çəkinmədən deyərdim ki, xəyanət etdi: "Əslində onlar heç bir danışıq-filan olmadan da öz vassalı və qulbeçəsi olan Ermənsitana başa sala bilərdi ki, ay qanmaz erməni başbilənləri, siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 20 ildən çoxdur ki yerinə yetirmirsiz. Bunu təcili etmək gərəkdir. Bu sözləri bir dəfə də dilinə gətirməyən Rusiyadan biz hansı ədaləti və səmimiyyəti gözləyə bilərik və gözlüyürük? Bunların yeganə məqsədi vaxt udmaq və məsələnin həllini illərlə sonraya saxlamaqdır. Orda isə nə olacaq, qoy olsun. Tanış mənzərədir.
Onsuz da bu münaqişəni həll edəcək bir qüvvə varsa, o da Azərbaycan Silahlı Qüvvələridir. Kim nə deyir desin, yalnız və yalnız güc yolu ilə bu rus-erməni hoqqabazlarını, o cümlədən bunların nağıllarına inanan Amerika, Fransa və digər ölkələri başa salmaq mümkün olacaq. Necə ki, aprelin əvvəllərində ordumuz bu biveclərə başa saldı ki, yetər artıq, bəsdirin bu xalqın heysiyyatı və mənliyi ilə oynadınız. Mənə elə gəlir ki, yetər artıq bu mənasız, mətiqsiz görüşlərdə bizə öz şərtlərini diqtə etmələri. Ya biz Qarabağ məsələsini həll edəcəyik, ya da bundan sonra da bizə həqarət edən, ölkəmizi təhdid edən və ona meydan oxuyan bir çox beynəlxalq güclərin çirkin oyunlarının iştrakçısı olub sonda çox ağır bir mənzərə ilə üzləşməli olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB