Elşən Musayev: “Bütün beynəlxalq təşkilatlar qorxuya düşüb” MÜNASİBƏT

Elşən Musayev: “Bütün beynəlxalq təşkilatlar qorxuya düşüb” MÜNASİBƏT

"Ümumiyyətlə Azərbaycanın son aprel döyüşlərində ciddi qələbəsi, Azərbaycan ordusunun gücü, əsgərinin müqaviməti ən əsası isə ölkə vətəndaşının müharibə əhval-ruhiyyəsi, torpaqları qaytarmaq əzmi nəinki dünyada, beynəlxalq təşkilatda, eyni zamanda bu məsələ ilə lokal şəkildə məşğul olan ATƏT-in Minsk qrupunu da narahat etməmiş deyil". Bunu SİA-ya millət vəkili Elşən Musayev Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçiriləcək görüşünə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, həmsədrlər həmin döyüşlər gedən ərəfədə əl-ayağa düşdülər və dərhal görüşlər, təkliflər, məsləhətləşmələr etdilər: "Təbii ki, bu da səbəbsiz deyildi. Əslində o proseslərin bu gün məntiqi yekunudur ki, həmsədrlər belə bir təkliflə çıxış etdi və prezidentlərin görüşünü tezləşdirdi. Gəlin görək burada hansı məqsədlər dayanır? Birincisi, onlar Azərbaycanı müharibə fikrindən yayındırmağa çalışırlar. İkincisi, burada Rusiyanın mövqeyi əsas rol oynaya bilər. Çünki rəsmi Moskva indiki vəziyyətində qətiyyən maraqlı deyil ki, yaxın ətrafda – Qafqazda müharibə əməliyyatları yenidən başlasın. Bildiyiniz kimi Rusiya sanksiyalarla üzbəüzdür. Rusiya dünyada tamamən təklənmiş durumdadır".

E.Musayev əlavə edib ki, Qafqazda olan problemlər bir çox ölkələrin marağındadır ki, sabah lazım gələndə bu problemdən qaynaqlanıb öz maraqları üçün sui-istifadə etsinlər: "Sadəcə olaraq Azərbaycan tərəfi bütün diplomatik variantları, mərhələləri lazımi formada səbrlə keçir. Amma cənab Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışdığı hər cümləsində xüsusi bir eyhamı altını çizərək vurğulayır ki, biz müharibə variantını istisna etmirik. Əgər sonucda bir nəticə əldə olunmasa, Azərbaycan hərbi yolla öz torpaqlarını geri qaytaracaq. Sadəcə olaraq bütün beynəlxalq təşkilatlar Azərbaycanın aprel döyüşlərindəki qələbəsindən qorxuya düşüblər. Beləcə onlar zaman qazanmaq istəyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə