Bahar Muradova: "Məqsədimiz məsələləri dünya ictimaiyyətinə çatdırmaqdır"
"Münaqişənin həlli ilə əlaqədar səylərin artırılması ilə bağlı fikirlərin səsləndiyi bir vaxtda Ermənistan tərəfi danışıqlarda konstruktiv mövqe nümayiş etdirmir, bu prosesləri pozmağa, status-kvonun uzadılmasına nail olmağa çalışır. Bunun üçün ermənilərə havadarları da müəyyən köməklik göstərir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Parlamentdə "Təmas xəttində son hadisələr: Beynəlxalq Humanitar Hüququn Problemləri" adlı dinləmələr zamanı çıxış edərkən deyib.
O bildirib ki, Ermənistanın niyyəti təmas xəttindəki təxribatları artırmaqdır: "Nəzərə almaq lazımdır ki, bu, yalnız son bir ayın məsələsi deyil, düşmən ölkə 2014-2015-ci ildən bu günə qədər məqsədyönlü şəkildə Azərbaycanı və ölkəmizi dəstəkləyən ölkələri provakasiyaya çəkmək, təcavüzkar siyasətini davam etmək üçün imkanlar əldə etmək istiqamətində addımlar atır, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın hərbi kontingentinin iştirakı ilə təlimlər keçirir, nümayişkəranə şəkildə Azərbaycana çağırış edir, ölkəmizin ərazisindəki mövcud maddi və mənəvi abidələr məhv edir, orada olan tarixi izlər silinir və "Dağlıq Qarabağ Respublikasının" tanıtdırılması istiqamətində beynəlxalq səylər göstərilir. Aprelin əvvələrində baş verən hadisələr zamanı mülki əhaliyə ciddi ziyan dəyib. Azərbaycan ordusunun müvafiq bölmələri bu hücumlara ciddi cavab verdi. Azərbaycan üçün vacib olan bir neçə yüksəkliklər geri alınaraq, təmas xəttində böyük bir əraziyə nəzarət gücləndirildi. Bu, söylənildiyi kimi, sadə deyil və bu vəziyyətin belə davam etməsi də mümkün deyil".
B. Muradova söyləyib ki, aprelin əvvələrində baş verən döyüşlər zamanı Ermənistan tərəfinin uzun illərdir yaratdığı fikirlər sarsıldı: "Düşmən ölkənin daxilində ziddiyətli, eləcə də Ermənistan hakimiyyəti üçün arzuolunmaz proseslər getməyə başladı. O cümlədən Dağlıq Qarabağda müharibənin lazım olmadığı ilə əlaqədar fikirlər səsləndirildi. Erməni əsilli nümayəndələrin müxtəlif fikirləri, bəyanatları səslənməkdədir. Bu onu göstərir ki, onların da artıq bir qismi vəziyyətdən yorulub və münaqişənin həllini istəyir. Ermənistan münaqişəni başlatmaqla ilk növbədə erməni xalqı, Dağlıq Qarabağda yaşayan ermənilər üçün problem yaratdı, onların gələcəyini məhv etdi. Ermənistan ərazisində olan ermənilər özləri bilər, lakin Dağlıq Qarabağda Azərbaycan əsilli vətəndaşlarımız olduğu üçün onların problemlərini həll etməliyik. Bu, bizim üzərimizə düşən vəzifədir. Onları azad etməli, Azərbaycan vətəndaşlarını, qaçqın və məcburi köçkünləri öz evlərinə qaytarmalıyıq. Hesab edirəm ki, aprel hadisələri zamanı biz dünyaya göstərdik ki, ölkəmiz bu vəziyyətlə barışmayacaq, dözümlülük nümayiş etdirməyəcək. Ermənilərin provakasiyaları qarşısında siyasi və digər addımlar atılacaq. Azərbaycan ordusunun regionda ən güclü ordu olmasına heç kimin şübhəsi qalmadı. Əsas da Azərbaycan vətəndaşlarının öz ordusuna, Ali Baş Komandana, ölkəmizin tezliklə münaqişənin həll edəcəyinə inamı daha d möhkəmləndi. Bu inamla biz həmin dövrlərdə ordu-xalq, xalq-Ali Baş Komandan birliyinin şahidi olduq. Bunu Ermənistan, eləcə də onları dəstəkləyən qüvvələr də gördü. Lakin müəyyən addımlar atılaraq atəşkəsin yenidən bərpa edilməsi ilə bağlı razılaşma əldə olundu. Azərbaycan tərəfi bu addıma ilk razılıq verən tərəf oldu, lakin bunu ilk pozan elə Ermənistanın özü oldu. Bu günlərdə aprelin əvvələrində həyatını itirən hərbçilərimizin şəhid olmasından 40 gün keçir. Hesab edirəm ki, tədbirimizin məhz bu günlər ərəfəsində keçirilməsi də təsadüfi deyil. Məqsədimiz Ermənistanın təcavüzkar siyasətinin nəticəsi olaraq təmas xəttinə aid olmayan ərazilərdə yaşayan mülki əhalinin təhlükə altında olması və onların gələcəyi üçün təhlükələr yaratmasını beynəlxalq ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bununla bağlı mətbuatda geniş informasiyalar öz əksini tapıb, ölkə prezidenti keçirilən müşavirələrdə Azərbaycan dövlətinin mövqeyini açıqlayıb. Lakin qətiyyətli mövqe vadar edir ki, biz bu siyasəti sona qədər aparmaqla Azərbaycan Prezidentinin siyasətinə dəstək verək, vəzifəmizi yerinə yetirək və parlament diplomatiyası vasitəsilə məsələləri, beynəlxalq hüququn pozulmasını dünya ictimaiyyətinin və digər insanların diqqətinə çatdıraq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB