Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür. SİA-nın xəbərinə görə, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. Ulu Öndər 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olub, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalıb.
Ümumilli Lider Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışıb, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Ulu Öndər Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləyib və general-mayor rütbəsinə yüksəlib.
Dahi şəxsiyyət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. O, bu vəzifədə işləyərkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. İyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.
Ümumilli Lider Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Ulu Öndər Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışıb. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.
O, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
Ümumilli Lider 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib.
1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq verən Ulu Öndər Heydər Əliyev səhhətində yaranan problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina edib.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, mətn www.heydar-aliyev-foundation.org saytından götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB