“Twitter”dən ABŞ məxfi xidmətinə qadağa

“Twitter”dən ABŞ məxfi xidmətinə qadağa

"Twitter" sosial şəbəkəsi Amerikanın xüsusi xidmətinə şəbəkənin analitik servis girişinə qadağa qoyub. SİA xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır. Məlumata görə, qadağa bir sıra tvitlərdə işlədilən sözlərin amerikalı xüsusi xidmətçiləri tərəfindən araşdırılması və mənimsənilərək öyrənilməsinə aiddir. Qeyd olunur ki, qərar barədə rəsmi məlumat olmasa da, bu informasiyanı ABŞ xüsusi xidmət orqanlarındakı mənbə, eləcə də bu işlə tanış olan şəxslər təsdiqləyiblər.

Bildirilir ki, həmin analitik servis birbaşa "Twitter"lə əlaqəli deyil və onu terror aksiyaları hazırlığı, kütləvi küçə yürüşləri və s. potensial təhlükəli hadisələri filtralizə edərək həyəcan siqnalı verən "Dataminr Inc" servisi idarə edir. "Dataminr Inc" –yeganə servisdir ki, "Twitter" ona öz kontentinə daxil olmağa və hətta əldə edilən informasiyaları satmağa icazə verib. İnformasiya satışından əldə edilən gəlirin 5%-i isə "Twitter"ə aiddir.

Eyni zamanda "Twitter" tərəfindən bəyan edilib ki, artıq uzun müddətdir ki, onlar dövlət xidmətlərinə təqib edilmələrə hesablanmış informasiyaların verilməməsi istiqamətində siyasət yürüdürlər. Sosial şəbəkə şirkəti "Dataminr"in iki il ərzində xüsusi xidmət orqanlarına informasiya satışı və şəbəkənin bu şirkətlrə əməkdaşlığına son qoyulması barədə məlumat verməyi rədd edib. "Twitter" rəhbərliyi hesab edir ki, onlara aid olan kontentin böyük hissəsi onsuzda açıqdır və məxfi xidmətlər həmin kontentləri çox rahatlıqla izləyə və sistemləşdirə bilər.

Bəllidir ki, "Dataminr" ötən ilin noyabrında Parisdə baş vermiş terror olayları barədə həyəcan siqnalı vermişdi. O cümlədən adıçəkilən servis Brüssel terrorundan 10 dəqiqə əvvəl xəbərdarlıq siqnalı verimişdi ki, həmin informasiyalar dərhal beynəlxalq KİV-lərdə yayımlanmışdı.

Xatırladaq ki, "Dataminr" 7 il öncə Yel universitetinin 3 keçmiş tələbəsi tərəfindən yaradılıb. Şirkətlə ABŞ Daxili İşlər Təhlükəsizlik Nazirliyi arasında təcili məlumat ötürmə ilə bağlı 255 min dollarlıq müqavilə sənədi mövcuddur ki, həmin sənəd hazırda da öz qüvvəsində qalır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə