Hakim: "Aliment atanın maddi durumuna görə dəyişəcək"

Hakim: "Aliment atanın maddi durumuna görə dəyişəcək"

"Ailə cəmiyyətin əsasını təşkil edir. Ailə münasibətləri hər bir cəmiyyətdə qorunur, Konstitusiya da ailənin möhkəmliyinə təminat verir. Azərbaycan ailəsi də ta qədimdən bir sıra xüsusiyyətləri, ailənin sabitliyi, valideynlərə hörmət, onların uşaqların xoş gələcəyi naminə fədakarlığı və digər xüsusiyyətləri ilə seçilmişdi. Lakin son 15-20 il ərzində Azərbaycanda nikahların pozulması ilə bağlı ənənə bir qədər ailənin möhkəmliyi xüsusiyyətlərinə cavab vermir". SİA-nın xəbərinə görə, bunu Ali Məhkəmənin hakimi Vəfaəddin İbayev Milli Məclisdə Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, artıq nikahların pozulması ilə bağlı ənənə Azərbaycan ailəsinin möhkəmliyi xüsusiyyətinə cavab vermir: "Cəmiyyətdə nikahların pozulması sayının artması, məhkəmə mübahisələrinə gətirib çıxarır. Nikahın pozulması təkcə ər-arvad arasında olan münasibətlərə deyil, hətta cəmiyyətdə, dövlətdə bəzi məsələlərə öz təsirini göstərir. İlkin olaraq uşaqların taleyində müəyyən problemlər yaşanır. Uşaqların kimin yanında qalması, onların maddi təminatı kimi problemlər meydana çıxır ki, bu da sonradan həmin uşaqların cəmiyyətdə sağlam böyüməsi, möhkəm ailədə yetişməsi hallarına neqativ təsir göstərir. Bununla bağlı Ali Məhkəmə tərəfindən məhkəmə təcrübəsi ümumiləşdirildi. Nikahların pozulması, aliment məsələləri ilə bağlı işlər öyrənildi".

Vəfaəddin İbayev vurğulayıb ki, Sovetlər dövründə alimentlərlə bağlı məhkmə qətnamələrinin dərhal icraya yönəldilməsini nəzərdə tutan norma vardı: " Ancaq son illərə kimi aliment bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən sonra nikahları pozulan cütlüklərə aliment məsələsi ilə bağlı yuxarı instansiya məhkəmələrinə müraciət, şikayət etmək hüququ verilmişdi və bu da haradasa ən azı 6-7 ay çəkirdi. Bu müddətdə də uşaqlara alimentlərin ödənilməsi məsələsində əlavə problemlər yaranırdı və bundan da ilk növbədə uşaqlar əziyyət çəkməli olurdu. Ona görə Ali Məhkəmənin Plenumu belə bir təkliflə çıxış etdi ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra alimentin tutulması dərhal təmin edilsin. Yəni, bundan sonra tərəflər yenidən yuxarı instansiya məhkəmələrinə müraciət edə bilərlər. Bundan əlavə, aliment atanın maddi durumuna görə artırıla və azaldıla bilər".

"Məhkəmələr boşanma zamanı tərəflərin hər ikisinin iştirakının təmin olunmasına zəmin yaratmalıdır. Əsas məsələ nikah pozularkən uşaqların üstün mənafeyinin təmin olunmasıdır. Yəni, valideynlərin arzusundan asılı olmayaraq uşağın kimin yanında qalması, alimentin miqdarının müəyyən edilməsi hallarında əsas uşaqların bütün mənafeyinə diqqət yetirilməsi vacib götürüləcək"- deyə, hakim əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə