Kazunori Tanaka: “Münaqişənin həlli Qafqaza sülh gətirəcək" MÜSAHİBƏ

Kazunori Tanaka: “Münaqişənin həlli Qafqaza sülh gətirəcək" MÜSAHİBƏ

Yaponiyanın Liberal Demokrat Partiyasının (LDP) Beynəlxalq əlaqələr bürosunun Baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanakanın SİA-ya müsahibəsi:

- İlk növbədə, Azərbaycana səfərinizin məqsədi barədə məlumat vermənizi xaiş edirik.

- Azərbaycan Yaponiya üçün çox vacib bir ölkədir. Biz Azərbaycanı Yaponiyaya çox yaxın ölkə hesab edirik. Səfərimizin bir neçə məqsədi var. Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Yaponiyaya səfər etmişdi. Həmin səfər zamanı YAP-ın nümayəndələri Yaponiyanın Liberal Demokrat Partiyasının (LDP) nümayəndələrinin Azərbaycana səfər etmələrini arzulamışdılar. Təbii ki, biz də bu fürsətdən istifadə edərək qərara gəldik ki, LDP-nin bir qrup nümayəndəsi ilə Azərbaycana gələk.

- Ümumiyyətlə, YAP-la LDP arasındakı əməkdaşlığın prespektivlərini necə görürsünüz?

- Mən iki partiya arasındakı münasibətlərin gələcəyini çox parlaq görürəm. Onu da bildirmək istəyirəm ki, YAP münasibətlərin inkişaf etdirilməsində böyük əzmkarlıq nümayiş etdirir, təşəbbüslərlə çıxış edir. Əminəm ki, bundan sonra da iki partiyalar arasındakı münasibətlər yüksək səviyyəli olacaq, inkişaf edəcək. İki ölkənin hakim partiyası arasında əlaqələrin davamlı və məhsuldar xarakter alması əslində hər iki ölkə arasında iqtisadi, humanitar, mədəni münasbətlərin daha da yaxşılaşdırılmasına gətirib çıxaracaq.

- Bu gün Azərbaycan sərmayə yatırımları, qlobal layihələr həyata keçirmək üçün münbit görünür. Onu da bilirik ki, Yaponiya hökuməti Azərbaycanda bir çox layihələr həyata keçirir. Siz bunu necə dəyərləndirərdiniz?

- İndiyədək Yaponiya və Azərbaycan hökumətləri arasında iqtisadi əlaqələr daha çox neft sektorunu və energetika sahəsini daha çox əhatə edirdi. Düşünürəm ki, bundan sonra informasiya texnologiyaları (İT), elm və digər sahələrdə də əlaqələr inkişaf etdiriləcək, o cümlədən sənaye sahəsindəki. Qeyd etməliyəm ki, özəl şirkətlər üçün Azərbaycan daha cazibədar ölkədir.

- Bu gün Azərbaycanla Yaponiya hökuməti arasında bütün sahələrdə uğurlu əməkdaşlıq var. Bəs parlamentlərarası əməkdaşlıq hansı səviyyədədir?

- Yaponiyanın Liberal Demokrat Partiyası hakim partiya olaraq dövlətin hərəkətverici hissəsini təşkil edir. Yaponiyada ikipalatalı parlament sistemi mövcuddur. Yaponiyanın Baş naziri seçkilərdə qalib gəlmiş partiya tərəfindən təyin edilir. Ona görə də bizim üzərimizdə çox böyük məsuliyyət düşür. Ümid edirəm ki, bundan sonra da Azərbaycanın hakim partiyası YAP ilə LDP arasında, eləcə də parlementlər arasındakı münasibətlərimiz daha da dərinləşəcək. Bu münasibətlərin dərinləşməsi məsuliyyəti bizim üzərimizdədir. Biz çox istərdik ki, bundan sonra da həm azərbaycanlı deputatların Yaponiyaya, həm də yaponiyalı deputatlarının Bakıya səfəri intensivləşsin. Azərbaycanda gördüyümüz bu inkişafı bizi çox sevindirir. İstərdik ki, Azərbaycanla Yaponiya arasında bir-birimizə etibar edə biləcəyimiz münasibətlər qurulsun. Həmçinin onu bildirmək istəyirəm ki, Azərbaycanın coğrafi mövqeyi bu mənada çox vacibdir. Regionda sülhün bərqərar olması üçün Azərbaycanın inkişafı çox önəmlidir.

Bir neçə il bundan əvvəl Yaponiyanın xarici işlər naziri Masaxiko Komura Azərbaycan səfər etmişdi. İndi cənab Komura LDP-nin üzvüdür və deputatdır. Masaxiko Komura Yaponiya hökumətində ikinci şəxslərdən biri sayılır. Yüksək səviyyəli şəxslərin Azərbaycana səfəri onu göstərir ki, Yaponiya Azərbaycana nə dərəcədə böyük önəm verir. Ümid edirəm ki, çox yaxın müddətdə Yaponiyanın Baş naziri Sindzo Abedi Azərbaycana səfər edəcək.

- Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsi var. Amma münaqişə bu gün də həll olunmamış qalır. Hakim partiya olaraq sizin fikriniz bizi çox maraqlandırır.

- Aprel ayının 5-də qəbul olunmuş atəşkəsi biz Yaponiya hökuməti olaraq alqışlayırıq. Əsas odur ki, əlaqəli tərəflər həmin bu atəşkəsi qorusunlar. Biz bunu ürəkdən arzu edirik. Çünki Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyünün qorunması şərti ilə həlli Cənubi Qafqaz regionunda davamlı sülhə gətirib çıxaracaq. Yaponiyanın iqtidar partiyası olaraq bunun həyata keçməsi üçün əlimizdən gələni etməyə hazırıq. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olmuş insanlara Allahdan rəhmət diləyirəm. Ümid edirəm ki, münaqişə bundan sonra uzanmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə