Prezident: "Forumun Bakıda keçirilməsini yüksək dəyərləndiririk"

"Forumun Bakıda keçirilməsini yüksək dəyərləndiririk, bu, bizim işimizə verilən qiymətdir". SİA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. Prezident İlham Əliyev bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansı Türkiyə və İspaniyanın təşəbbüsü ilə yaradılıb: "Əsrlər boyu dinlər, mədəniyyətlər Azərbaycanda inkişaf edib. Tolerantlıq, multikulturalizm hər zaman Azərbaycanda mövcud olub. Ona görə də Azərbaycanda bütün etnik qruplar və dinlər lazımi şəraitdə yaşayır. Bu, bizim zəngiinliyimizdir və tariximizlə fərəhlənirik. Müxtəlif mədəniyyətlərin nümayəndələri Azərbaycanda yaşayıb, yaradıblar. Azərbaycanda ən qədim kilsələr, alban kilsələri, o cümlədən Şamaxıda ilk məscidlərdən biri yerləşir. Biz sinaqoqların bərpası ilə məşğul olmuşuq. Azərbaycan əsrlər boyu bu zənginlikləri qoruyub saxlayıb".

Azərbaycanın 25 illik müstəqillik tarixi olduğunu xatırladan Azərbaycan Prezidenti bir ölkə kimi qədim tarixə malik olduğumuzu vurğulayıb: "Multukulturalizm Azərbaycanın əsas siyasətidir, son illər bir çox beynəlxalq tədbirlər Azərbaycanda təşkil olunub. Bütün bunların məqsədi müxtəlif dinlər arasında dialoq qurmaq olub. Bu gün bu mövzu qlobal gündəlikdə duran ən mühüm mövzulardan biridir. Əfsuslar olsun ki, biz bəzi narahatlıq doğuran məsələləri keçmiş SSRİ, Avropa ərazisində görürük. Bəzən toqquşmalarda dini səbəblərə də təsadüf edirik".

Dövlət başçısı qeyd edib ki, 2008-ci ildə Bakı prosesinin yaradılması təşəbbüsü irəli sürülüb: "Azərbaycan yeganə ölkələrdəndir ki, 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatı üzvləri və Avropa dövlətləri Azərbaycana toplaşdı. Bakı prosesi genişlənir, qlobal təşəbbüsə çevrilir, sülh və mədəniyyətlərəarası dialoqa xidmət edir. Ötən il Azərbaycanda Birinci Avropa Oyunları keçirilib, gələn il isə İslam Həmrəylik Oyunları keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...