“Ermənistanın qondarma soyqırımı təbliğatına petisiya mesajımız" SƏS TV

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə "Ermənistanın qondarma soyqırım təbliğatına petisiya mesajımız" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AVCİYA prezidenti Elxan Süleymanov, QHT rəhbərləri, petisiyaya dəstək verən vətəndaş cəmiyyətinin üzvləri iştirak ediblər.

AVCİYA prezidenti Elxan Süleymanov bildirib ki, ermənilər tarix boyu Azərbaycan xalqına qarşı soyqırımlar, vandalizm aktları törədiblər: "Biz ermənilərin xalqımıza qarşı törətdiyi vandalizm aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün gücümüzü sərf etməliyik".

O qeyd edib ki, dünyada fəallaşan erməni lobbisi beynəlxalq aləmə qondarma soyqırım iddiasını sırımaqla öz hərbi cinayətlərini gizlətməyə çalışırlar: "Aprel ayının 24-də, yəni qondarma "erməni soyqırımı"nın ildönümü ərəfəsində bu təbliğat daha da genişlənəcək. Biz öz fəaliyyətimizlə, beynəlxalq aləmə Azərbaycan həqiqətlərini çatdırmaqla erməni təbliğat maşınını sındırmağa çalışmalıyıq".

E.Süleymanov deyib ki, Avropa Şurasının qəbul etdiyi 2085 saylı qətnamədə Ermənistanın işğalçı dövlət kimi göstərilməsi erməniləri təşvişə salıb: "Ermənilər hər vasitə ilə bunun altından çıxmağa çalışırlar. AŞ PA-nın yaz sessiyasında da Ermənistan nümayəndə heyəti və onların himayədarları bu məqsədlə təxribat xarakterli müraciətlər etdilər. Lakin Azərbaycan nümayəndə heyətinin fəallığı sayəsində ermənilər istəklərinə çata bilmədilər. Nəticədə Avropa parlamentarilərinin beynində Ermənistanın işğalçı dövlət olması fikri möhkəmləndi".

Barak Obama administrasiyasına ünvanlanan "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiya layihəsindən danışan E.Süleymanov bildirib ki, 16 gün ərzində 100 min səsə qarşı artıq 208 min səs toplanıb.

Qeyd edib ki, petisiya ermənilərin soyqırım iddiasını ifşa edən sənəddir: "Bu sənəd sübut edəcək ki, ermənilərin "soyqırım olub" iddiası həqiqətə uyğun deyil. Həmçinin sənəd onu göstərir ki, Azərbaycan öz torpaqlarından heç kimə pay verən deyil. Petisiya Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Çünki bəzi hallarda beynəlxalq aləm Azərbaycanın çağırışına əhəmiyyət vermir. Petisiya Obama administrasiyasından birbaşa cavab tələb edir".

Tədbirə digər çıxış edənlərin fikirləri ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə