"Hazırda dünya ictimaiyyəti kifayət qədər çətin suallar qarşısındadır. Bir yandan baş verən qlobal proseslərin iqtisadiyyata vurduğu ağır zərbələr və böhranın fəsadları, digər yandan siyasi müstəvidə baş verən qarşıdurmalar ictimaiyyəti ciddi narahat edir. Bunlarla yanaşı, dini, irqi zəmində ayrı seçkilik və bunun şərtləndirdiyi dərin kataklizmlər, terror dalğası bizi narahat etməyə bilməz. Ona görə də əməkdaşlıq, xoşgörü, fərqli dəyərlərə qarşılıqlı hörmət bu gün bəlkə də heç vaxt olmadığı qədər dəyərli və vacibdir". SİA-nın məlumatına görə, bunu millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində bu gün keçirilən iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dinin bu qədər istismar olunduğu, müxtəlif təhdidlərin əsas məqsədi kimi göstərildiyi, bəzi maraqlı qrupların xalqlar arasına ciddi nifaq toxumları səpməyə cəhd etdiyi indiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoq çox vacibdir: "Çünki dini dözümlülük, fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının çox əhəmiyyətli şərtlərindən biridir. Multikultural təhlükəsizliyin təmin olunması həm də cəmiyyətlərdə inkişaf ahənginin, sülh və barışın, ədalətli balansın defakto reallaşdırılması deməkdir".
Antisemitizmin, ksenofobiyanın da Avropa ictimaiyyətini narahat edən əsas məsələlərdən olduğunu söyləyən komitə sədri bildirib ki, Azərbaycan öz multikultural dəyərləri, tolerantlıq mühiti ilə haqlı olaraq öyünür: "Çünki əsrlərdən bəri Azərbaycanda bir çox millətlərin, dinlərin nümayəndələri mehribanlıq və əminamanlıq şəraitində yaşayır, ölkəmizdə milli, dini zəmində heç bir qarşıdurma yaşanmayıb və möhkəm əsaslara söykənən multikulturalizm mühiti, xoşgörü və barış mövcuddur. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əminamanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda 2054 məscid, 13 kilsə var. Ölkəmizdə Xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Azərbaycanda 7 sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, Bakıda erməni kilsəsi qorunub saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir".
S.Qafarova vurğulayıb ki, dünyada yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir. O qeyd edib ki, Azərbaycan demək olar ki, yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət göstərdiyi bir ölkədir: "Bu gün Azərbaycan dövləti ölkəmizdəki xristian və yəhudi icmasına böyük diqqət və qayğı göstərir, onların dini inanclarını həyata keçirməyə hər cür şərait yaradır. Yəhudilərin və xristianların dini və milli bayramları ölkəmizdə qeyd olunur, ölkə başçısı hər bayram ərəfəsində bu icmalara təbrik məktubu ünvanlayır. Hətta Sovet hakimiyyəti dövründə dağıdılmiış kilsə və sineqoqlar müstəqillik illərində Azərbaycan dövləti tərəfindən yenidən qurulub və təmir edilib. 2011-cü ildə Azərbaycanın ən böyük yəhudi sineqoqu dövlət vəsaiti hesabına təmir edilib. Müxtəlif şəhər və rayonlarımızla yanaşı, yəhudilər Azərbaycanda Qırmızı qəsəbə adlanan ayrıca qəsəbədə kompakt yaşayır. Bu gün yəhudilər Azərbaycanda ictimai həyatın bütün sahələrində, o cümlədən, təhsil, səhiyyə, hərbi və digər sahələrdə fəal iştirak edirlər".
Sonda komitə sədri bir daha ölkəmizdəki yüksək barış və sabitlik mühitini vurğulayıb və Azərbaycan xalqının bu gün sahib olduğu multikultural dəyərlərlə fəxr etdiyini bildirib: "Azərbaycanın təqdim etdiyi multikulturalizm modeli, fərqli dinlərin və millətlərin nümayəndələrinə yüksək ali dəyərlərə söykənən münasibəti bu gün dünyada sabitliyi təhdid edən ünsürlərin artdığı bir vaxtda çox əhəmiyyətli olmaqla yanaşı, gözəl bir örnəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB