Sevinc Fətəliyeva: "Azərbaycan Qərb ilə İslam aləmi arasında dialoqa töhfə verə bilər”

"Dünyagörüşü formalaşma mərhələsində olan uşaqlar həssas qrup olaraq ekstremist və radikal cərəyanların hədəfindədir. Sosial diskriminasiya, təhsil mühitindəki ayrı-seçkilik, cəmiyyətdən təcrid olunma və sosial-maddi durumun aşağı olmasının ədalətsizliyə məruz qalma hissini yaratması, eləcə də mənəvi-psixoloji inkişafdakı boşluqlar uşaq və yeniyetmələri radikalizmə sövq edən faktorlar qismində çıxış edir". SİA-nın məlumatına görə, bunu millət vəkili, AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaq məsələləri üzrə baş məruzəçisi Sevinc Fətəliyeva komitənin iclasında "Uşaqların radikallaşdırılmasının qarşısının alınması və problemi yaradan səbəblər ilə mübarizəyə dair" məruzəsi zamanı deyib.

O, radikalizmə qarşı mübarizə məqsədilə bir sıra tövsiyələr irəli sürüb. Deputat istənilən etnik və sosial-iqtisadi qrupa mənsub uşaqlara qarşı ayrı-seçkilik və təcridetmə ilə mübarizə, bütün uşaqlar və gənclər üçün bərabər inkişaf imkanlarının yaradılması, həyat amalının və lazımlılıq hissinin formalaşdırılması, uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə təhsilin imkanlarından istifadə, uşaqlar, onların ailələri, icmaları və təlimçiləri arasında ünsiyyətin təmin edilməsi, vaxtilə radikal cərəyanlara qoşulmuş uşaqların qınaq obyektinə çevrilməsinin qarşısının alınması, islamofobiya ilə mübarizə və dinlərarası dialoqun təşviq edilməsi, ictimai yerlərdə, o cümlədən məktəblərdə, həbsxanalarda və internet məkanında radikallaşmaya qarşı mübarizə aparılması, radikal cərəyanların diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.

S.Fətəliyeva bildirib ki, Avropa Şurası və digər beynəlxalq qurumlar səviyyəsində terrorizm, ekstremizm və radikalizmə qarşı qəbul edilən müvafiq qərar və qətnamələr, həmçinin, bu sahədə dövlət orqanları ilə vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığı mövcud təhlükə ilə mübarizənin təşviq edilməsi və nəticələrin səmərəliliyi baxımından önəmlidir. O əlavə edib ki, radikal təşkilatlar Azərbaycan gənclərini də təsir dairəsinə salmaq səyləri göstərsələr də dövlətin atdığı addımlar nəticəsində son illərdə radikallaşma meyilləri azalıb: "Azərbaycan multikultural dəyərlərə sahib bir ölkə olaraq Yaxın Şərqdə məzhəb münaqişələrində mediator kimi daha fəal rol oynaya, Qərb ilə İslam aləmi arasında dialoqa töhfə verə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə