"Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mətbuat xidməti onların çıxışlarını verib. Sadəcə, Nurəddin Məmmədlinin çıxışında şəxsi motivlər var idi. Ona görə də bu cür fikirlər səsləndirirlər". Bu fikirləri SİA-ya VHP sədri Sabir Rüstəmxanlı bugünlərdə partiyanın qərargahında müxalifət partiyalarının da iştirak etdiyi Qarabağla bağlı tədbirdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədlinin VHP mətbuat xidmətinin onun çıxışına yer ayırmaması ittihamına və cəbhəçilərin sosial şəbəkədə VHP rəhbərliyinə qarşı başladılan təhqir kampaniyasına münasibətini bildirərkən deyib.
"Çıxışların hamısında hakimiyyətin atdığı addımlar dəstəkləndi"
VHP sədri bildirib ki, keçirilən tədbir ümummilli məsələ olub və orada Azərbaycan hakimiyyətinin sərgilədiyi mövqe, atılan addımlara dəstək verilib: "Keçirdiyimiz tədbirdə ümummilli məsələdə bütün siyasi partiyalar yekdil olduqlarını bəyan etdilər. İqtidar-müxalifət arasında hər hansı bir problemin olmadığını dilə gətirdilər. Çıxışların hamısında hakimiyyətin atdığı addımlar dəstəkləndi".
Sabir Rüstəmxanlı belə olan vəziyyətdə cəbhəçi təmsilçinin fikirləri başqa istiqamətə yönləndirməsini doğru hesab etmədiyini bildirib: "AXCP-nin nümayəndəsi Nürəddin Məmmədli çıxışında ümumi xətdən ayrıldı. Daha çox öz partiyalarının maraqlarını ifadə etdi. Mövzunu başqa səmtə yönəltdiyi üçün ola bilər ki, onun fikirlərini mətbuat dərc etməyib".
"Müsavat-AXCP münasibətlərinə qarşımaq istəmirəm"
VHP sədri sözügedən tədbirdə Müsavat partiyasının da mətbuat xidməti tərəfindən çəkiliş aparıldığını təsdiqləyərək deyib ki, əgər AXCP yetkilisi bu məsələdə Müsavatı da ittiham edirsə, onun digər iki partiyanın daxili işlərinə qarışması doğru olmazdı: "Müsavat-AXCP münasibətlərinə qarışmaq istəmirəm. Ona görə də heç bir şərhim yoxdur. Yəni buna izahat vermək fikrim yoxdur. Hesab edirəm ki, bizim partiyanın mətbu orqanı bütün çıxışları verməyə borcludur. Çünki dəvət edən tərəf biz idik".
Qeyd edək ki, VHP Ali Məclisinin sədri Rafiq Manaflı həm də AXCP-yə bağlı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olmasına rəğmən, Nurəddin Məmmədlinin ittihamlarını rədd edib. Sosial şəbəkədə fikirlərini paylaşan Manaflı bildirib ki, tədbirə bir çox partiyalar dəvətli olub, o cümlədən Müsavat Partiyası: "Müsavat Partiyasının mətbuat xidməti tədbirdə videoçəkiliş aparıb və öz maraqları prizmasından material yayıb. Bunun VHP-yə və Sabir Rüstəmxanlıya nə dəxli var, onu anlaya bilmirəm".
VHP funksioneri tədbir başa çatdıqdan sonra söz-söhbətlərin yaranmasında özlərinin də müəyyən günahları olduqlarını etiraf edib: "Təşkilatçılarının səhvi ondadır ki, gərək özləri çəkiliş təşkil edəydilər..." Xatırladaq ki, sözügedən tədbirdə Müsavat Partiyasının sədri Arif Hacılı, sabiq başqan İsa Qəmbər, eləcə də Müsavata yaxın bir neçə partiya sədrinin də çıxışı olsa da AXCP Qarabağla bağlı tədbirə sədr deyil, müavin səviyyəsində qatılıb. Bu amil də digər müxalifət partiyaları tərəfindən narazılıqla qarşılanıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə