“BMT TŞ üzvlərinin say tərkibinə baxmağın zamanı çoxdan çatıb” AÇIQLAMA

"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) islam ölkələri arasından da təmsilçinin daimi üzvlüyə seçilməsi doğru olardı. Nəzərə alsaq ki, 5 daimi üzvdən 4-ü məhz xristian sivilizasiyasının təmsilçiləridir, düşünürəm ki, bu geniş və ciddi gücə malik İslam sivilizasiyasına yönəlik ədalətli addım olardı". Bu fikirləri SİA-ya açıqlamasında "Oğuz" Araşdırmaçıları Qrupunun rəhbəri Vüqar Zifəroğlu deyib.

O xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) BMT-nin fəaliyyətdə olan ali siy­asi orqanıdır və BMT-nin Nizamnaməsinə uyğun olaraq beynəl­xalq sülhün və təhlükəsizliyin qorunub saxlanması kimi əsas vəzi­fəni yerinə yetirir: "Təhlükəsizlik Şurasının beş daimi üzvü var - Böyük Britaniya, Çin, Rusiya (SSRİ-nin vərəsəsi), ABŞ, Fransa və Baş Assambleyada təkrar seçilməyə bura­xılmayan və iki il müddətinə seçilmiş on üzvü daxildir. Daimi olmayan üzvlər bu regionlardan seçilir: beşi Afrika və Asiya­dan, biri Şərqi Avropadan, ikisi Latın Ame­rikasından, ikisi Qərbi Avropadan həmçinin, Avstraliya, Ka­nada da daxil olmaqla digər regionlardan seçilir. İslam ölkələrinintəmsilçilərinin olmaması, əslində böyük bir coğrafiyanın bu kimi nüfuzlu bir təşkilata inam və etibarının itməsinə səbəb olur".

Vüqar Zifəroğlu qeyd edib ki, Avropa dəyərləri və tolerantlığını əsas tutan Avropa Birliyinin artıq neçə on ildir süni şəkildə Türkiyənin üzvlüyünü əngəlləməsi, bu cür mötəbər təşkilatın ətrafında haqlı olaraq bir "xristian klubu" imicinin formalaşmasına səbəb olub: "Hər halda BMT kimi alternativi olmayan nüfuzlu və beynəlxalq təşkilatın TŞ-nın üzvlərinin say tərkibinə baxmağın zamanı çoxdan çatıb. İndi XX əsrdir və bu "beşliy"in formalaşdığı soyuq savaş dönəmi çoxdan arxada qalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə