Deputat: “Ciddi danışıqlar vasitəsilə nəticə əldə etmək mümkündür" AÇIQLAMA

Deputat: “Ciddi danışıqlar vasitəsilə nəticə əldə etmək mümkündür" AÇIQLAMA

"Sülh iqtiqamətində ən əsas addım Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən keçir". Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, danışıqların ciddi davam etdirilməsi üçün Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmalı və bu istiqamətdə konkret nəticə əldə edilməlidir: "Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələri icra etməlidir. Yalnız Dağlıq Qarabağ münaqişəsi köklü şəkildə həll edildikdən sonra qarşılıqlı inam və sülh istiqamətində ciddi addımlardan danışmaq olar".

A. Mollazadənin sözlərinə görə, ciddi danışıqlar vasitəsilə nəticə əldə etmək mümkündür: "Söhbət məsələnin gündəmdə olmağından deyil, Ermənistanın münaqişənin həllində konkret addım atmasından gedir. Belə olan halda, münaqişə beynəlxalq hüququ normaları çərçivəsində həll oluna bilər. Bilirsiniz ki, Ermənistan və onun havadarları sülh deyil, öz təcavüzkar siyasətlərini davam etdirmək, status-kvonu saxlayıb, işğalı davam etdirmək istəyirlər. Əgər Ermənistan bunun belə olmadığını və sülh istədiyini göstərmək istəyirsə, o zaman öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxartmaqla bunu bütün dünyaya nümayiş etdirə bilər".

Millət vəkili münaqişənin həll edilməsində beynəlxalq təşkilatların böyük təsir gücünə malik olduğunu dilə gətirib: "Biz istərdik ki, beynəlxalq ictimaiyyət, müxtəlif təşkilatlar, dünyanın nüfuzlu, ən azından ATƏT-in Minsk qrupuna daxil edilən ölkələr Ermənistanla müzakirələr aparsınlar. Onların ilk müzakirə mövzusu da məhz Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə