Cənab Prezident, əmrinizdəyik! GƏNCLƏRDƏN MÜNASİBƏT

Cəbhədəki üç günlük müharibə dövründə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalçı ordusuna qarşı endirdiyi sarsıdıcı zərbələrlə bir neçə strateji əhəmiyyətli yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsi cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb. Azərbaycan xalqı, xüsusilə də gənclər ordumuza böyük dəstək nümayiş etdirərək Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildirdilər.

Qazanılan qələbə Azərbaycanı danışıqlar masasında qalib tərəf kimi əyləşdirib. Dövlət başçımızın da dediyi kimi Azərbaycan qan tökülməsini istəmir, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması yönündə həllinin tərəfdarıdır. Söhbət etdiyimiz gənclər təşkilatlarının rəhbərləri ordumuzun parlaq qələbəsinin gənclər arasında milli ruhun, vətənpərvərlik hissinin daha da yüksəldilməsinə daha da təkan verdiyini bildirərək Cənab Prezidentin yürütdüyü məqsədyönlü siyasəti hər zaman dəstəkləyəcəklərini bəyan ediblər. SİA həmin fikirləri təqdim edir:

Seymur Orucov- Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri

"Azərbaycan gəncliyi qələbə duyğusunu artıq yaşamağa başlayıb"

Ordumuzda ruh yüksəkliyi elə bir həddədir ki, onlar hər an Ali Baş Komandanın döyüş əmrini gözləyir. Sonuncu hərbi əməliyyatlar zamanı bunun əyani şahidi olduq. Bu gün Cənab Prezident İlham Əliyevin dövründə Azərbaycan Ordusu tam müasir standartlara cavab verir və onun maddi-texniki təchizatı ən yüksək səviyyəyə çatdırılıb. Azərbaycanı gözü götürməyən, ermənilərin havadarları olan qüvvələr uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsində güclü ordumuzun öz sözünü deməsinə müəyyən maneələr yaradırdı. Son hadisələr Azərbaycan Ordusunun gücünü, onun Ali Baş Komandanına sadiqliyini və hətta lazım gələrsə İrəvana qədər gedib çıxa biləcəyini dünyaya sübut etdi. Ermənilər üç günlük hərbi əməliyyat nəticəsində yalvarmağa, mövqelərini qoyaraq qaçmağa başladılar. Bu onu göstərdi ki, Ermənistanın nə güclü ordusu, nə də güclü dövləti var. Ermənistan rəhbərliyində duran şəxslər bəzi dövlətlərin vassalı, xalq arasında nüfuzu olmayan insanlardır.

Hərbi əməliyyatlar zamanı Ermənistan tərəfi post quraraq Dağlıq Qarabağda qanunsuz məskunlaşan insanların, döyüşən erməni əsgərlərinin geriyə qaçmasının qarşısını almağa, amma Azərbaycan tərəfi post quraraq Vətənini canından da çox sevən xalqımızın nümayəndələrinin Dağlıq Qarabağa döyüşlərə getməsinə mane olmağa çalışdı. Bu fakt bir daha sübut edir ki, Ali Baş Komandanın həyata keçirdiyi siyasət, ölkədəki nüfuzu, xalqın ona inamı, Azərbaycan gəncliyinin vətənpərvərlik hissləri düşmən ölkə ilə müqayisə oluna bilməz. Azərbaycan gəncliyi cənab Prezidentin siyasətini hər zaman hər yerdə dəstəkləyir. Ölkəmizin uğurları bizi sevindirir. Azərbaycan gəncliyi qələbə duyğusunu artıq yaşamağa başlayıb. Biz sülh tərəfdarı olsaq da, torpaqlarımızın son qarışı azad olunanadək mübarizəmizi davam etdirəcəyik.

Mirhəsən Seyidov- İrəli İctimai Birliyinin sədri

"Gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar"

Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan gəncləri, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər. Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlar bütün ölkə ərazisində müzakirə olunur. Xüsusi ilə sosial şəbəkələrdə gənclərimiz tərəfindən operativ cavablandırma ideoloji savaşı gedir. Gecə saatlarına qədər Azərbaycanın mövcud həqiqətləri, orduda baş proseslər fonunda məlumatdırma dayanmadan inkişaf edir.

Bununla yanaşı, döyüş ruhlu xanımlar belə paytaxtda, regionlarda könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin şöbələrinə müraciət edərək döyüşə getmək üçün növbələrə durublar. Azərbaycan Ordusunun rəşadəti nəticəsində tezliklə doğma yurdlarından didərgin düşənlər, geri qayıdacaqlarına böyük inam bəsləyirlər. Gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Ölkəmiz gənclərin fəaliyyətini yüksək qiymətləndirir. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində bugün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq. Vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və biz qoruyuruq. Əsas budur. Bugün cənab Ali Baş Komandan bu sahəyə çox böyük diqqət göstərir. Elə etməliyik ki, bu, davamlı olsun. Bizdən sonra gələn nəsil də bu amalla yaşasın - dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət kimi dəyərləri yüksək tutsun.

Şəmsi Gülverdi- Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru

"Biz gənclər Ali Baş Komandanın ətrafında sıx birləşmişik"

Aprelin əvvəlindən başlayaraq erməni silahlı qüvvələri məkrli işğalçılıq siyasətlərinin davamı olaraq cəbhənin ön xəttində daha güclü təxribata əl atıb, Azərbaycan mövqelərini atəşə tutub, ərazilərimizi zəbt etməyə cəhd göstərib. Daha sonra mənfur düşmənlərimiz dinc əhalinin yaşadığı ətraf kəndləri də odlu silahlardan atəşə məruz qoyub, onlarla ev və tikililərə ciddi ziyan vurub, kənd sakinlərinin həlak olmasına, yaralanmasına səbəb olub. Bu artıq son hədd idi. Azərbaycan dövləti öz vətəndaşları müdafiə edərək ordumuzun igid oğullarının rəşadəti sayəsində bu təxribatların qarşısı alınaraq düşmənə layiqli cavab verildi. Erməni silahlı qüvvələrinin hərbi texnika-ağır artilleriya qurğuları, eləcə də hərbi-hava qüvvələrinə aid müxtəlif texnikalar məhv edilmiş, yüzlərlə canlı qüvvəsi zərərsizləşdirildi. Ordumuz bununla kifayətlənməyərək, işğal altında olan bir neçə yaşayış məntəqəsi və yüksəkliklər işğalçıların tapdağından azad etdi.

Azərbaycan ordusu şəhidlər verib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm. Başımız sağolsun, Vətən var olsun! Əgər lazım gələrsə Torpaqlarımızın işğaldan azad olunması uğrunda hər birimiz şəhid olmağa hazırıq! Biz gənclər cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik və onun yürütdüyü məqsədyönlü siyasəti hər zaman dəstəkləyəcəyik.

Elvin Aslanov- Azərbaycan Tələbələr Birliyinin sədri

"Biz xalq olaraq sülh tərəfdarıyıq"

Son günlərdə cəbhədə qazanılan uğurlar atəşkəsin əldə olunmasından keçən 22 il müddətində Azərbaycan ordusunun ən böyük hərbi nailiyyətidir. Bu təbiidir ki, hələ başlanğıcdır, bunun gec və ya tez davamı gələcək. Mən Ali Baş Komandan cənab İlham Əliyevə, ordumuzun zabit heyyətinə və ən əsası səngərdə olan hər bir əsgərə öz təşəkkürlərimi bildirirəm. Azərbaycan ordusu bir daha açıq göstərdi ki, o güclüdür və torpaqlarımızı hər an işğaldan azad edə bilər.Bəzən erməni tərəfi bizi provakasiyada və ya hücum etməkdə günahlandırır. Amma, onlar anlamırlar ki, biz onlardan fərqli olaraq digər ölkənin torpağına hücum etmirik. Azərbaycan ordusu sadəcə öz ərazilərində nəzarəti əldə etmək və işğal olunmuş torpaqları geri qaytarmaq istəyir ki, bu da bizim ən təbii haqqımızdır. Bu haqqı bizdən heç kim ala bilməz. Azərbaycan ordusu ermənilərdən fərqli olaraq mülki əhalini, məktəb və ya evləri, ibadət yerlərini hədəf almır. Hücuma məruz qalmış, torpaqları işğal olunmuş bir ölkə olsaq da, ordumuz yenə də döyüşü öz qaydalarına görə aparır. Məncə beynəlxalq ictimaiyyət bunu görməlidir. Biz əsgərin əsgərlə müharibə aparmasını istəyirik, mülki əhali bu məsələyə cəlb olunmamalıdır.

Biz xalq olaraq sülh tərəfdarıyıq. Bunu cənab Prezident də öz çıxışlarında dəfələrlə qeyd edir. Amma, Azərbaycan xalqının da səbri tükənməz deyil. Son hadisələr bütün beynəlxalq təşkilatlara, xarici dövlətlərə açıq bir mesaj olmalıdır ki, bu münaqişənin həlli artıq yetişib. Ya münaqişə sülh yolu həll edilər və biz öz dədə-baba torpaqlarımıza qayıdarıq, ya da son damla qanımıza qədər vuruşub o torpaqları azad edərik. Biz şəhidlik zirvəsinə ucalan hər bir əsgərimizin ruhu qarşısında baş əyirik və ümid edirik ki, torpaqlarımız ən tez zamanda qayıdar və onların qanı yerdə qalmaz.

Fəxrəddin Həsənzadə- Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru

"Biz Qarabağın azad edilməsi kimi müqəddəs borcu gələcək nəsillərə buraxmayacağıq"

Bu məğrur günlərimizdə xalqımız ümummilli qüvvələrimizi səfərbər edərək Ali Baş Komandan İlham Əliyevin iradəsinə sadiq qalaraq bütün əhali uşağı-böyüyü , qadını-kişisi ,yaşlısı-cavanı olmaqla ayağa qalxıb işğal olunmuş torpaqları geri almaq əzmini ortaya qoydu. Tarixdə 3 günlük istiqlal savaşı kimi yaddaşımda qalan döyüşdə ordumuzla birlikdə bölgələrdəki yaşayan mülki vətəndaşlar da sağlam iradə nümayiş etdirərək Silahlı Qüvvələrimizə və dövlətimizə dəstək nümayiş etdirdi. Bu döyüş əslində həsrətdən daha çox inam idi. Kəlbəcərin işğalı günü bizim "məğlubiyyət sindromu" qırıldı. Tutduğu vəzifədən, siyasi mövqeyindən asılı olmayaraq hər kəsin ürəyi və əməli Qarabağ cəbhəsində qovuşdu. 90-ci illərdə mənfur düşmanın birləşmiş ordusu bizim hünər ağacımızı kəssə də, kökündən qopara bilmədi. Biz o ağacı böyütdük, onun budağından şanlı hilalımızın saplağını düzəltdik və Seysulanda sancdıq.

Təəssüf edirəm ki, qələbənin başlanğıcında içimizdə daşıdığımız əbədiyyətə şəhidlərimiz qovuşdu. Bu mübarək günü biz onların qanı bahasına qazandıq. Onlar uğrunda şəhid olduqları torpağı bizə Vətən deyə əmanət etdilər. Tam əminliklə deyə bilərəm ki, biz Qarabağın azad edilməsi kimi müqəddəs borcu gələcək nəsillərə buraxmayacağıq.

Tofiq Abdulla

Bütün xəbərlər Facebook səhifəmizdə