Azər Həsrət: “Az-çox kimlərsə ortalığı qarışdırmağa cəhd edir” AÇIQLAMA

"Əgər düşmən ölkə ilə müqayisə aparsaq görərik ki, vəziyyətimiz xeyli sevindiricidir. O mənada ki, mən işğalçı ölkənin mediasını və ictimai rəyini müşahidə edirəm. Açığını deyim ki, onlarda müxalif ictimai rəy öz hakimiyyətinə qarşı çox kəskin münasibət sərgiləyir. Təbii ki, bu da səbəbsiz deyil". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət deyib.

Onun sözlərinə görə, işğalçı ölkə qısa müddətli Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələrdə uduzmuş tərəfdir: "Ona görə də Ermənistanın ictimai rəyi öz hakimiyyətinə qarşı aqressiv çıxışlar edir. Amma Azərbaycan indiki mərhələdə qalib tərəf olduğuna görə ölkədə ictimai rəy birmənalı şəkildə Prezident, Ali Baş Komandanın arxasındadır. Yəni dövlətimizin atdığı bütün addımlar təqdir edilir. Təbii ki, az-çox kimlərsə ortalığı qarışdırmağa cəhd edir. Amma həmin adamlar ümumi rəy fonunda sadəcə olaraq görünməz olurlar. Çünki böyük topluluq birmənalı şəkildə baş verən prosesləri, xüsusən də dövlətin atdığı addımları dəstəkləyir. Bu baxımdan deyə bilərəm ki, bizim vəziyyətimiz qarşı tərəfdən yaxşıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə